Magistraturaya qəbul olan bakalavrların qeydiyyatı başlayıb

Magistraturaya qəbul olan bakalavrların qeydiyyatı başlayıb
# 28 iyun 2016 09:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gündən 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı başlayıb. APA-nın xəbərinə görə, bakalavrların qeydiyyatı 28 iyun - 11 iyul tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) aparılacaq.

Bakalavrlar göstərilən müddətdə tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Müvafiq müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyənlər qəbul olunanların siyahısından xaric ediləcək.

Qeyd edək ki, bu il magistraturaya qəbul üzrə müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 6336 bakalavrdan 5175 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 2205 nəfərini dövlət sifarişi, 2970 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 3103 nəfəri ali təhsil müəssisələrinin cari, 2072 nəfəri isə əvvəlki illərin məzunudur. Bundan əlavə, 6 bakalavr idman sahəsi üzrə, 3 bakalavr isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR