“Yazıçılarımızı dünyaya tanıdaq” kitabçalar dəstinin təqdimatı keçirilib

“Yazıçılarımızı dünyaya tanıdaq” kitabçalar dəstinin təqdimatı keçirilib
# 18 sentyabr 2015 14:24 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “XAN” nəşriyyatının çap etdiyi “Yazıçılarımızı dünyaya tanıdaq” kitabçalar dəstinin təqdimatı keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq layihə haqqında məlumat verib.

Ş. Sadiq bildirib ki, layihənin əsas məqsədi ölkəmizə gələn qonaqlarda Azərbaycan mədəniyyətinə xüsusi rəğbət oyandırmaqdır. Layihənin hazırlanmasında “Hədəf Nəşrləri”nin mütəxəssisləri də yaxından iştirak ediblər.

Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənli layihənin Azərbaycan ədəbiyyatının təbliği baxımından uğurlu olduğunu, 20 kitabçadan və bir ümumi kitabdan ibarət dəstin yüksək zövqlə dizayn edildiyini bildirib.

Tənqidçi Əsəd Cahangir kitab dəstinin ərsəyə gəlməsini əlamətdar hadisə kimi qiymətləndirib O, bildirib ki, bu nəşrlər vasitəsilə xarici oxucular Azərbaycan ədəbiyyatı ilə tanış olmaq imkanı qazacaq, bu ədəbiyyatı daha da dərindən oxumağa səy göstərəcəklər.

Qeyd edək ki, layihənin məsləhətçisi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, kitab dəstlərinin tərtibçisi və layihənin rəhbəri Ş. Sadiqdir. Ön sözün müəllifi AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibəyli, naşiri Müşfiq Xan, ingilis dilinə tərcümə edəni Könül Nəsibova, redaktoru Nərgiz Cabbarlı, layihənin dizayneri Teymur Fərzidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR