Marneulidə şair Nizami Saraclının 65 illiyi qeyd edilib

Marneulidə şair Nizami Saraclının 65 illiyi qeyd edilib
# 10 iyul 2015 23:04 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yubiley tədbirini Gürcüstanda nəşr olunan "Region press" qəzetinin redaktoru Binnət Məmmədov açaraq şairin 20 kitab müəllifi olduğunu, Azərbaycanda müxtəlif vəzifələrdə çalışdığını, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin mayoru kimi istefada olduğunu bildirib: "Nizami Saraclı Qarabağ döyüşlərində iştirak edib. "N" saylı hərbi hissənin şəxsi heyət üzrə komandir müavini olub, sonralar Azərbaycan radio və televiziyasında jurnalist kimi çalışıb. Hazırda 65 yaşlı şair doğma kəndi Saraclıda yaşayır".

Tədbirdə çıxış edən professor Mahmud Kamaloğlu şairin həyat və yaradıcılığı, nəşr olunan kitabları haqqında ətraflı məlumat verib. Sonra yazıçı və şairlərdən Əli Abbas, Allahverdi Təhləli, Osman Əhmədoğlu, Güllü Tomayeva, Səadət Buta, 92 yaşlı el şairi Tahir Həkimli (Padaroğlu), Gürcüstan Jurnalistlər Birliyinin sədri Nizami Zillioğlu, istefada olan polkovnik- leytenant İsmayıl Həkimli, Sadaxlı kənd məktəbinin direktoru Adil Şərifov, ziyalı Əmiraslan Əlizamanlı və başqaları çıxış edərək şairi yubiley münasibətilə təbrik edib, ona cansağlığı və yaradıcılıq uğurları arzulayıblar.

Tədbirdə şair Nizami Saraclı AMM-in "Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə" diplomu ilə təltif edilib. Sonra iştirakçılar yubilyara gül-çiçək dəstələri, şairin şəkili toxunan xalça və digər hədiyyələr təqdim ediblər. Aşıq Nargilə Mehtiyeva və Aşıq Bafəli Adıgözəlov isə öz ifaları ilə tədbiri şənləndirib.

Sonda Nizami Saraclı yubiley tədbirinə qatılanlara təşəkkür edib və qələmə aldığı yeni şeirlərini oxuyub. Tədbirdə şairin "Sara Xatun" əsəri əsasında hazırlanan tamaşasının video-lenti nümayiş olunub.

"Region press" qəzetinin redaktoru Binnət Məmmədov APA-ya açıqlamasında Nizami Saraclının bir çox mükafatlara layiq görüldüyünü bildirib: "Nizami Saraclı 1991-ci ildə 43 ölkədən 3 500 şairin iştirak etdiyi müsabiqənin qalibi olub, 2002-ci ildə Avrasiya Beynəlxalq Mətbuat Fondunun təsis etdiyi "Dünya həqiqətlərini ictimaiyyətə çatdırdığına və döyüş xidmətlərinə görə" "Avrasiya" mükafatına layiq görülüb. Şair 2002-ci ildə Gürcüstanın ali mükafatı - "Şərəf" ordeni ilə təltif olunub. N. Saraclı həmçinin 2003-cü ildə 7 ölkə şairlərinin müsabiqəsinə qatılıb və qalib olaraq Beynəlxalq "Abay" mükafatına layiq görülüb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR