Prezident İlham Əliyev Gəncə vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak edib - FOTOSESSİYA

Prezident İlham Əliyev Gəncə vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 18 oktyabr 2014 11:54 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərində “Stadler” vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak ediblər.

APA-nın “AzərTAc”a istinadən verdiyi xəbərə görə, dövlət başçısı və xanımı zavodun sxemi, burada istehsal ediləcək vaqonların eskiz layihələri ilə tanış olublar.

Nəqliyyat naziri Ziya Məmmədov və “Stadler Rail Group” şirkətinin prezidenti Piter Şpuler prezidentə ətraflı məlumat veriblər. Bildirilib ki, İsveçrənin “Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Gəncədə vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən Azərbaycanın Gəncə şəhərində ilkin olaraq ildə 60 vaqon istehsal gücünə malik zavod inşa ediləcək. Bu zavod İsveçrə istehsalı olan ən son texnoloji avadanlıqlarla təchiz olunacaq.

“Stadler Rail Group” şirkəti sərnişin və ixtisaslaşdırılmış vaqonların, tramvay və parovozların istehsalı ilə məşğuldur. Şirkət 1942-ci ildən fəaliyyət göstərir və əsas inkişaf dövrü 1989-cu ildən başlayıb. Şirkətin İsveçrə, Almaniya, Polşa, Avstriya, İtaliya, ABŞ və digər ölkələrdə zavodları fəaliyyət göstərir. Şirkətin istehsal etdiyi məhsullardan dünyanın 13 ölkəsində istifadə olunur.

Dövlət başçısı “Stadler Rail Group” şirkətinin fəaliyyətindən bəhs edən videoçarxa baxıb.

Bildirilib ki, Gəncə şəhərinin Kəpəz rayonu ərazisində inşa olunacaq zavodun 2016-cı ildə fəaliyyətə başlaması planlaşdırılır. İyirmi hektar ərazisi olan zavodun tikintisində və fəaliyyətində ekoloji standartlara cavab verən ən müasir texnologiya tətbiq ediləcək. Bu zavodda istehsal olunacaq vaqonların Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və İrana satılması da nəzərdə tutulub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Stadler Rail Group” şirkətinin Minskdəki zavodunda istehsal olunan vaqonlara baxıblar. Dövlət başçısı zavodun tikinti işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva həmçinin Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olublar. Dövlət başçısına məlumat verilib ki, burada 1200 tamaşaçı yeri olan konsert zalı, açıq havada yay kino-teatrı, rəsm qalereyası, urban mərkəzi, baxış qülləsi yaradılacaq. Binada iaşə obyektləri, həmçinin yeraltı qaraj və yardımçı xidməti otaqlar fəaliyyət göstərəcək. Binanın balkonunda Azərbaycan musiqi korifeylərinin heykəlləri qoyulacaq. Bina 6 mərtəbəlidir, qüllə ilə birlikdə hündürlüyü 26 metrdir. Obyektdə tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir.

Prezident İlham Əliyev tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimində də iştirak ediblər. Məlumat verilib ki, Gəncə Dövlət Dram Teatrının yeni binası Gəncə çayının sağ sahilində, Əhməd Cəmil və Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsində, Məhsəti Gəncəvi Mərkəzinin qarşısında tikiləcək. Yeni binanın inşası üçün bir hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 13 min kvadratmetr olacaq Gəncə Dövlət Dram Teatrının binası müasir standartlara cavab verəcək. Binanın tamaşaçı zalı 520 nəfər üçün nəzərdə tutulub. Burada 150 yerlik yeraltı avtomobil dayanacağı, birinci mərtəbədə 100 yelik restoran, çayxana, kafe və digər iaşə obyektləri fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlini qoyub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncə şəhərində inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Dövlət başçısı 2 nömrəli körpələr evi-uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsib.

Prezident və xanımı körpələr evi-uşaq bağçası ilə yaxından tanış olublar. Məlumat verilib ki, ikimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla 7 qrup yaradılıb və uşaqların istirahəti üçün geniş imkanlar var. Bu qruplarda təlim-tərbiyə işləri Azərbaycan və rus dillərində aparılır. Uşaqların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb.

Prezident İ. Əliyev və xanımı M. Əliyeva Gəncə şəhərində 4 nömrəli tam orta məktəbin yeni korpusunun açılışında da iştirak ediblər.

Dövlət başçısına məktəbdə görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, məktəb 1936-cı ildən fəaliyyət göstərir. 2012-ci ildə məktəbin 930 şagird yelik binası əsaslı təmir edilib. Burada 48 sinif, 4 kabinet-laboratoriya, 3 informasiya–kompyuter otağı, müəllim və şagirdlər üçün bufet, tibb otağı fəaliyyət göstərir.

Qeyd edilib ki, yeni tədris ilində məktəbdə 2150-dən çox şagird təhsil alacaq.

Prezident İ. Əliyev yeni tədris korpusunda yaradılan şəraiti yüksək qiymətləndirib, təhsilin keyfiyyətinin artırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərindəki Heydər Əliyev Parkında da olublar. Məlumat verilib ki, orijinal layihə əsasında salınan, möhtəşəmliyi və əzəməti ilə seçilən parkın girəcəyindəki “Zəfər tağı”nın açıq seyrəngahından şəhərin və Heydər Əliyev Parkının mənzərəsini seyr etmək mümkündür. Göz oxşayan xiyabanda geniş yaşıllaşdırma işləri həyata keçirilib və istirahət üçün hər cür şərait yaradılıb. Parkda yaradılan süni göl və orijinal şəlalə bu məkana xüsusi gözəllik verir. Bundan başqa, park kompleksində müxtəlif iaşə obyektləri, əyləncə mərkəzləri, istirahət guşələri var.

Dövlət başçısı və xanımı həmçinin Gəncənin Cavad xan küçəsində olublar, Gəncə sakinləri ilə görüşüb söhbət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR