Çikaqoda İpək Yolu ölkələrinin enerji və nəqliyyat imkanları müzakirə edilib

Çikaqoda İpək Yolu ölkələrinin enerji və nəqliyyat imkanları müzakirə edilib
# 06 may 2015 05:33 (UTC +04:00)

Bakı-APA. Çikaqoda yerləşən Şimali İlinoys Universiteti və Mərkəzi Asiya Araşdırmalar Mərkəzinin (CAPRC) təşkilatçılığı ilə İpək Yolu ölkələrinin enerji və nəqliyyat imkanlarına həsr edilmiş 10-cu İllik İpək Yolu Konfransı keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, konfransda tarixi İpək Yolu üzərində yerləşən Çin, Mərkəzi və Cənubi Asiya ölkələri, Azərbaycan və Türkiyənin nümayəndələri iştirak edib, ayrı-ayrı ölkələrin enerji, nəqliyyat və biznes imkanları müzakirə edilib.

Əsas çıxışçılar sırasında olan Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Enerji tranzit daşıyıcıları idarəsinin rəisi Reha Aykul Türkiyənin enerji və nəqliyyat dəhlizi kimi imkanları barədə məlumat verib. Çıxışı zamanı o, Türkiyədə əsas investisiya layihələrindən olan TANAP layihəsi barədə məlumat verib, bu layihənin reallaşmasında, habelə Avropanın təbii qaz bazarlarının təminatında Azərbaycanın əhəmiyyətli rolunu təqdir edib.

Tədbirdə iştirak etmiş Qazaxıstanın ABŞ-dakı Səfirliyinin müşaviri Nurqali Aristanov da, ölkəsindən Avropa istiqamətində keçən əsas nəqliyyat-tranzit layihələrinin reallaşmasında Azərbaycanın əhəmiyyətinə toxunub.

Azərbaycanın həm tarixi, həm də müasir İpək Yolunun əsas tranzit ölkələrindən olduğunu nəzərə alaraq, konfransda Azərbaycan nümayəndələri də iştirak edib.

Azərbaycanın ABŞ-dakı Səfirliyinin əməkdaşı Natiq Baxışov çıxış edərək, regionda Azərbaycanın aparıcı rolu ilə həyata keçirilən əsas enerji və nəqliyyat layihələri – Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı barədə məlumat verib.

ABŞ-da fəaliyyət göstərən “West Coast Connections” biznes konsaltinq şirkətinin icraçı direktoru Elşən Baloğlanov da çıxışçılar sırasında olub. Çıxışı zamanı E.Baloğlanov region ölkələri üçün innovativ hesab edilə biləcək “IClas” layihəsini təqdim edib. Natiq layihənin Mərkəzi və Cənubi Asiya, Cənubi Qafqaz, Cənub və Cənub Şərqi Asiya ölkələrinin yeni yaranmaqda olan biznesləri və iş adamları üçün ABŞ təcrübəsinin internet üzərindən tədrisini nəzərdə tutduğunu qeyd edib. E.Baloğlanovun verdiyi məlumata görə, ilk layihə kimi Azərbaycanda fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən startapçıların ABŞ təcrübəsinin tədrisi nəzərdə tutulur.

Builki İpək Yolu Konfransı Azərbaycanın “Silkway Airlines” və Türkiyənin “Turkish Airlines” aviaşirkətlərinin dəstəyi ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR