Koreyanın baş naziri “Azərsu”nun yeni inzibati binasının tikintisi ilə tanış olub

Koreyanın baş naziri “Azərsu”nun yeni inzibati binasının tikintisi ilə tanış olub
# 28 noyabr 2014 14:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda rəsmi səfərdə olan Koreyanın baş naziri Çank Honqvon bu gün “Azərsu” ASC-nin yeni inzibati binasının tikintisi ilə tanış olub.

“Azərsu”dan “APA-Economics”ə verilən məlumata görə, baş nazirə “Azərsu” ASC-nin yeni inzibati binasının Koreyanın “Heerim” şirkəti tərəfindən layihələndirildiyi və “Halla Engineering and Construction” şirkəti tərəfindən inşa olunduğu barədə məlumat verilib. Bildirilib ki, tikintisinə ötən il başlanılan binanın 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Ç. Honqvon Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun olduğunu diqqətə çatdırıb: “Azərbaycanda Koreyanın bir neçə şirkət və firmaları fəaliyyət göstərir. Səfər zamanı bir daha yəqin etdim ki, Koreya şirkətləri Azərbaycanda böyük rol oynayır”. Baş nazir “Halla” Korporasiyasının ona göstərilən etimadı doğrultmaq üçün böyük imkanlara malik olduğunu bildirərək qeyd edib ki, tikintinin uğurla başa çatdırılması gələcək əməkdaşlıq üçün yeni üfüqlər aça bilər.

Qeyd edək ki, 2,3 hektar sahədə inşa edilən yeni inzibati bina 20 mərtəbədən və 2 mərtəbəli zirzəmidən ibarətdir. Binanın ümumi sahəsi 36 325 kvadratmetr, hündürlüyü 124 m, mərtəbələrin hündürlüyü isə 4,8 metr təşkil edir. “Azərsu” ASC-nin yeni inzibati binası 900-ə yaxın işçi heyəti üçün nəzərdə tutulur. Binada ofis otaqları, mərkəzi dispetçer idarəetmə otağı, “Call Center”, konfrans zalları, kitabxana, yeməkxana, su muzeyi, sağlamlıq mərkəzi, digər texniki xidmət otaqları, yeraltı avtomobil dayanacağı yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR