Joel Fresko: “Avropadakı Azərbaycan diasporunun siyasi lobbi mərhələsinə keçmə zamanı yetişib”

Joel Fresko: “Avropadakı Azərbaycan diasporunun siyasi lobbi mərhələsinə keçmə zamanı yetişib”
# 07 may 2015 10:39 (UTC +04:00)

Bunu APA-ya müsahibəsində Avropa-Niderland iş adamları Assosiyasiyasının vitse-prezidenti, Niderlandda yəhudi diasporunun fəal üzvü Joel Fresko deyib.

O qeyd edib ki, Azərbaycanda keçirilən tədbirlər, beynəlxalq yarışlar ölkənin etibarlılığından xəbər verir: “Bu da insanların Azərbaycandakı dəyişikliyə olan marağından irəli gəlir. Artıq bir dəb halını alıb ki, nüfuzlu beynəlxalq yarışlar bu ölkədə keçirilir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə verilən qərar isə avropalıların bu ölkəyə sonsuz marağından irəli gəlir. Məndə olan məlumata görə, bu oyunları izləmək üçün minlərlə avropalı Azərbaycana gedəcək. Mən və bizim təşkilatların nümayəndələri də Azərbaycana getməyi planlaşdırırıq. Əminəm ki, bu oyunlar sizdə uğurlu keçəcək, çünki Azərbaycan qısa müddətdə keçdiyi yol bunu deməyə əsas verir”.

J. Fresko onu da deyib ki, Avropada Azərbaycanla bağlı düşüncələrin formalaşmasında Azərbaycan diasporu fəal rol oynayıb: “Əgər 10 il əvvəl burada avropalı siyasətçilər, iş adamları arasında Azərbaycanı tanımayanlara rast gəlmək mümkün idisə, artıq adi holland, belçikalı və digərləri Azərbaycan barədə xəbərdardır. Bu gün Azərbaycanın məruz qaldığı faciələrə, təcavüzə burada azərbaycanlılarla yanaşı avropalılar da biganə qalmır. Bu da təbii ki, diasporunuzun buradakı fəaliyyətinin nəticəsidir”.

Benilüks Azərbaycanlıları konqresi ilə əməkdaşlıq etdiklərini deyən yəhudi diaspor rəhbəri onu da bildirib ki, Azərbaycan diasporu burada elə bir səviyyəyə gəlib çatıb ki, artıq onun siyasi lobbi mərhələsinə keçmə zamanı yetişib: “Biz azərbaycanlılarla təcrübəmizi bölüşməyə daim hazırıq. Avropanın aparıcı siyasi partiyaları, parlamentləri bizimlə sıx əməkdaşlıq edir və biz bu əməkdaşlığı azərbaycanlılarla bölüşməyə hazırıq. Yəhudilərin bu sahədə min ildən artıq təcrübəsi var və biz azərbaycanlı dostlarımızın bu fəaliyyətdə olmasından məmnun olarıq. Çünki Avropada Azərbaycan diasporu bizim etibarlı dostumuzdur”.

Qeyd edək ki, “APA Holding” Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Sərhəddən kənar azərbaycanlılar...” adlı layihə çərçivəsində Avropanın bir neçə ölkəsində fəaliyyət göstərən azərbaycanlılarla görüşlər keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR