Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
# 08 iyun 2016 17:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda çıxış edən komitə sədri Eldar İbrahimov gündəliyə “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin üçüncü oxunuşu, “Notariat haqqında” və “Fitosanitar nəzarəti haqqında” qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı məsələlərin daxil edildiyini bildirib.

Qeyd olunub ki, “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunun tətbiqi ölkənin aqrar bölməsində islahatların yeni mərhələsinin başlanğıcı olacaq, kənd təsərrüfatı sahəsində məhsul istehsalının səmərəliyinin və rəqabət qabiliyyətinin yüksəldilməsində, istehsalçıların gəlirinin artmasında mühüm əhəmiyyət kəsb edəcək.

“Notariat haqqında” qanuna dəyişikliklərə gəldikdə isə diqqətə çatdırılıb ki, respublikanın bəzi kənd yerlərində notariat kontorlarının olmadığından, həmin ərazilərdə yaşayan sakinlər məşğul olduqları kənd təsərrüfatı fəaliyyəti, onlara mənsub torpaq sahələri ilə bağlı bir sıra notarial xidmətlərdən istifadə edə bilmirlər. Onlara bu sahədə lazımi şəraitin yaradılması üçün “Notariat haqqında” qanunda bəzi dəyişikliklərin edilməsi zərurəti yaranıb. Belə ki, qanunun 18-ci maddəsinin birinci hissəsinə 6-cı bənd əlavə olunur. Əlavədə deyilir ki, notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları sahəsi beş hektardan çox təşkil etməyən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq edirlər. Qanunun 32-ci maddəsinin yeddinci hissəsində isə “Notarius” sözündən sonra “notarial hərəkətləri aparan digər şəxslər” ifadəsi əlavə edilib.

“Fitosanitar nəzarəti haqqında” qanuna nəzərdə tutulan düzəlişlər isə bu qanunun “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, habelə “Normativ hüquqi aktlar haqqında” qanunlara uyğunlaşdırılması məqsədi ilə aparılıb. Bununla əlaqədar sənədin bir çox müddəalarında əlavə və dəyişikliklər edilib, bir sıra maddələr yeni redaksiyada verilib, yeni maddələr əlavə olunub, bəziləri isə ləğv edilib. Habelə maddələrdən “lazımi”, “zəruri”, “öz səlahiyyətləri daxilində” sözlər çıxarılıb, “zərurət yarandığı hallarda”, “edə bilər” ifadələri “məqsədi ilə”, “edir” sözləri ilə əvəz edilib və digər bu kimi redaktələr olunub.

İclasda komitə üzvləri Eldar Quliyev, Novruzəli Aslanov, Aydın Hüseynov məsələlər barədə fikirlərini açıqlayıblar, təkliflər veriblər. Müzakirələrin sonunda hər üç qanun layihəsi Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR