Naxçıvanda müasir əsgəri yaşayış kompleksi istifadəyə verilib

Naxçıvanda müasir əsgəri yaşayış kompleksi istifadəyə verilib
# 08 noyabr 2015 10:29 (UTC +04:00)

Bakı-APA. Naxçıvan Muxtar Respublikasının (MR) Soyuq döyüş bölgəsində müasir əsgəri yaşayış kompleksi istifadəyə verilib.

APA-nın Müdafiə Nazirliyinin (MN) saytına istinadən verdiyi məlumata görə, Naxçıvan MR-in Ali Məclisinin sədri Vasif Talıbov kompleksin açılışında iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərəm Mustafayev Naxçıvanın etibarlı və dayanıqlı müdafiəsi üçün bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib.

“Sərhədlərimizin toxunulmazlığını, torpaqlarımızın müdafiəsini təşkil edən qoşun birləşmələri müasir silah və texnikalarla təchiz edilib. Bu gün artıq Əlahiddə Ümumqoşun Ordu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından düşmənə göz dağıdır” deyə, general-leytenant bildirib.

Naxçıvan MR-in Ali Məclisinin sədri Vasif Talıbov isə deyib ki, güclü və qüdrətli ordu ölkəmizin gələcəyinə xidmət edir: “Ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Hər il yeni əsgəri yaşayış kompleksləri istifadəyə verilir, silahlı qüvvələrimiz ən müasir silah-sursatla təmin olunur, Azərbaycan ordusunun döyüş qabiliyyəti artırılır. Bu gün ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər dövlət müstəqilliyimizin qorunması ilə yanaşı, həm də işğal altındakı torpaqlarımızın azad edilməsinə xidmət edir. Artıq muxtar respublikada yerləşən ordu, hərbi hissə və birləşmələr sərhədlərimizi etibarlı qorumaqla yanaşı, həm də işğal altındakı torpaqlarımızı azad etməyə qadirdilər”.

Ali Məclisin sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, xidməti fəaliyyətlərində fərqləndiklərinə görə şəxsi heyətə təşəkkür elan edib.

V. Talıbov şəxsi heyətlə nahar edib. Daha sonra hərbi hissənin əhatə etdiyi postlarda olan Ali Məclisin sədri əsgər və zabitlərlə görüşüb, xidmətin təşkili ilə maraqlanıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR