Gürcüstan Müsəlmanları İdarəsinin illik hesabat konfransı keçirilib

Gürcüstan Müsəlmanları İdarəsinin illik hesabat konfransı keçirilib
# 15 noyabr 2015 19:24 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) bir illik hesabat konfransı keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, GMİ-nin rəhbəri Hacı Ramin İgidov konfransda bir il ərzində Gürcüstan ərazisində 38 məscidin təmir olunduğu, 11 məsciddə abdəstxana tikildiyi, 6 məscidə hasar çəkildiyi qeyd edib: “Hazırda Gürcüstanda 86-dan çox məscid qeydiyyatdan keçib. Bu il ərzində 33 dini kitab nəşr edilib. Müxtəlif mövzularda kitablar, o cümlədən 3 000 tirajla Quran Azərbaycan dilində nəşr olunub. 39 məscid müxtəlif səs cihazları ilə təmin olunub. Bu dövrdə GMİ-nin internet televiziyası fəaliyyət göstərib, bu günədək 130 veriliş yayımlanıb”.

Ötən bir il ərzində Gürcüstan ərazisindəki bütün məscidlər “SOCAR Georgia” tərəfindən təmənnasız təbii qazla təmin edilib. Eyni zamanda cəzaçəkmə müəssisələrindəki müsəlmanlarla görüşlər keçirilib.

Qurban bayramında kasıb və kimsəsiz ailələrə, həmçinin Tiflisdə təbii fəlakətdən zərərçəkənlərə yardım olunub. Pankisi və Acarıstanda pulsuz tibbi xidmət və müayinə aparılıb. 16 nəfərə əlil arabası verilib.

Qeyd olunub ki, il ərzində Batumidə GMİ-nin fəaliyyəti üçün yeni ofis və mədrəsə binası istifadəyə verilib. GMİ-nin nəzdində Xeyriyyə Fondu yaradılıb. 3 elmi konfrans, 9 müxtəlif konfrans, sərgi, dindarlarla və dövlət rəsmiləri ilə görüşlər keçirilib.

GMİ "Gürcüstanda fəaliyyət göstərən dini təşkilatlar arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memarandum" da imzalayıb.

Tədbirdə Gürcüstanın Dini Məsələlərlə iş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze da çıxış edib. O bildirib ki, GMİ Gürcüstandakı müsəlmanların müdafiəsi və dinin inkişafı üçün müsbət işlər həyata keçirir: “Dövlət GMİ-nin fəaliyyəti üçün 2002-ci ildə 2 mln 200 min lari, 2014-cü ildə 1 mln 100 min vəsait ayırıb. Mən yalnız vəsaitdən deyil və məscidlərin qeydiyyatdan keçməsi üçün müsbət işləri də qeyd etmək istəyirəm. 85 məscid GMİ-nin ixtiyarına verilib və bu yenə davam edəcək. Biz hələlik dövlətin balansında olan məscidləri təmir edirik, ikinci mərhələdə isə digər məscidləri qeydiyyatdan keçirib onların bərpasına başlayacağıq".

Konfransda Fransada baş verən terroru pisləyən bəyanat da qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR