2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara 31 mln. manata yaxın güzəştli kredit verilib

2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara 31 mln. manata yaxın güzəştli kredit verilib
# 18 mart 2015 12:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağsu rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Ağsuda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

90-a yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Ağsu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, pendir, meyvəqurutma və corab istehsalı müəssisələrinin, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev 2015-ci ildə 1 110-dan çox sahibkara 30,8 mln. manat güzəştli kredit verildiyini bildirib. Vurğulanıb ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2 400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

İşgüzar forum çərçivəsində Ağsu və ətraf rayonlardan olan 52 sahibkara 624,5 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Ağsuda 1500 ha ərazidə iri fermer təsərrüfatına baxış keçirilib. Bu təsərrüfata Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 mln. manat güzəştli kredit verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR