Bakı-APA. “2015-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsindən hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrin hərbi qulluqçusu, 1996-cı il təvəllüdlü əsgər Siraclı Məhəmməd Malik oğlunun ölümü ilə bağlı Qazax Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır”.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, baş vermiş hadisə ilə bağlı ictimaiyyətə dəqiq məlumatın çatdırılması məqsədilə müvafiq qaydada Müdafiə Nazirliyi və Hərbi Prokurorluq birgə tədbirlər həyata keçirir:
“Lakin bəzi kütləvi informasiya vasitələri tələskənliyə yol verərək qeyri-dəqiq, rəsmi təsdiqlənməyən məlumatlar yaymaqla ictimaiyyətdə yanlış təsəvvürün yaranmasına səbəb ola bilər. Buna görə də Silahlı Qüvvələr haqqında verilən xəbərlərin Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi bir daha tövsiyə olunur”.