Bank Of Baku

Hərbi prokurorluğun nümayəndə heyəti Rusiyada səfərdə olub

Hərbi prokurorluğun nümayəndə heyəti Rusiyada səfərdə olub
# 11 iyun 2018 10:36 (UTC +04:00)

Rusiya Federasiyası baş prokurorunun müavini - Rusiya Federasiyasının baş hərbi prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Valeri Petrovun dəvəti əsasında Azərbaycan baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 4-7-də Rusiya Federasiyasında səfərdə olub.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 4-də Rusiya Federasiyasının Baş Hərbi Prokurorluğunda baş hərbi prokuror Valeri Petrov, onun birinci müavini ədliyyə general-leytenantı Y.V.İvanov, müavini, ədliyyə general-leytenantı A.Y.Devyatko və digər rəhbər vəzifəli şəxslərlə Azərbaycan Respublikası hərbi prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında rəsmi görüş keçirilib. Görüşdə ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən hər iki hərbi prokuror, bunun tarixən xalqlarımız və dövlətlərimiz arasında siyasi, hüquqi, iqtisadi, mədəni və digər sahələrdə formalaşmış səmimi münasibətlərə söykəndiyini qeyd ediblər.

 

Sonra hər iki dövlətin Hərbi prokurorluqlarının fəaliyyətlərinin təşkili məsələləri ilə əlaqədar yuxarıda adları çəkilən və digər vəzifəli şəxslərin iştirakı ilə brifinq keçirilib. Brifinqdə çıxış edən Baş Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri, o cümlədən Təşkilat İdarəsinin rəisi, baş ədliyyə müşaviri N.A.Sennikova, Hərbi idarəetmə orqanlarında, hərbi hissələrdə və təşkilatlarda qanunların icrasına nəzarət İdarəsinin rəis müavini, ədliyyə polkovniki A.A.Prokudin, Məhkəmələrdə cinayət işlərinə baxılması zamanı hərbi prokurorların iştirakının təmini İdarəsinin rəis müavini, ədliyyə polkovniki A.A.Belov və Cinayət işləri üzrə aparılan istintaq zamanı qanunların icrasına nəzarət İdarəsinin rəis müavini, ədliyyə polkovniki A.V.Bragin Rusiya Federasiyasının Hərbi prokurorluğu orqanları haqqında, eləcə də Silahlı Qüvvələrdə və digər hərbi birləşmələrdə qanunların icrasına nəzarətin təşkili, məhkəmələrdə cinayət işlərinə baxılmasında hərbi prokurorların iştirakı və məhkəməyədək cinayət təqibinin həyata keçirilməsi zamanı hərbi prokurorların fəaliyyəti barədə məlumatlar verilib.

 

Brifinqdə çıxış edən nümayəndə heyətinin rəhbəri, Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi prokurorluq orqanlarının strukturu, fəaliyyət istiqamətləri, qanunların icrasına və tətbiqinə nəzarət istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verib. Brifinq zamanı nümayəndə heyətlərinin fəaliyyət istiqamətləri üzrə verdikləri qarşılıqlı suallar cavablandırılıb, ətraflı fikir mübadiləsi aparılıb.

 

Xanlar Vəliyev səfər çərçivəsində keçirdiyi bütün görüşlərdə Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanın ərazilərinin 20 faizinin işğal altında saxlanıldığını, işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasətinin aparılması nəticəsində 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü xüsusi vurğulayıb.

 

X. Vəliyev V.G.Petrovu Azərbaycana dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR