Gürcüstan. Nizami Məmmədzadə-APA. Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Sarvan" folklor rəqs ansamblı Türkiyədə 15-ci Dənizli Beynəlxalq Rəqs Festivalında iştirak edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə ansambl üzvləri gürcü və Azərbaycan xalq rəqslərini və mədəniyyət nümunələrini nümayiş etdiriblər.
Dənizli şəhər Bələdiyyəsi tərəfindən təşkil olunan festivala 11 ölkədən 380-ə yaxın iştirakçı qatılıb
7 gün davam edən festivalın sonunda baş tutan Qala konsertində Gürcüstanı təmsil edən "Sarvan" folklor ansamblı mükafatlara layiq görülüb.
Festivalın sonunda təşkilat komitəsi ənənəvi "Zeybək" rəqsini ifa etmək üçün ən yaxşı iştirakçıları seçərək səhnəyə dəvət edib, iştirakçıların içində Gürcüstan təmsilçiləri də yer alıb.
Qeyd edək ki, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Sarvan" folklor rəqs ansamblı 9 ilə yaxındır ki, fəaliyyət göstərir. Ansamblın nəzdində aşıqlar qrupu, gürcü və Azərbaycan rəqslərini ifa edən azərbaycanlı gənclər və yeniyetmələrdən ibarət mahnı qrupu və musigi bölümü fəaliyyət göstərir. Ansambl Gürcüstanda və xaici ölkələrdə təşkil edilən bir çox beynəlxalq müsabiqələrə və festivallara qatılaraq dəfələrlə mükafatlara sahib olub.