Şən və hazırcavablar klubları arasında Respublika Gənclər Çempionatı keçirilib

Şən və hazırcavablar klubları arasında Respublika Gənclər Çempionatı keçirilib
# 09 noyabr 2015 08:08 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Şən və hazırcavablar klubları arasında Respublika Gənclər Çempionatı keçirilib. APA-nın məlumatına görə, “ASAN Könüllüləri Kuboku” uğrunda keçirilən çempionatda yeddi komanda iştirak edib.

8 Noyabr Şən və Hazırcavablar gününə təsadüf edən turnirdə “Politex”, “BDU”, “Baku fm”, “Miraj”, “ASAN Könüllüləri”, “Uoll strit” , “Kuraj” komandaları mübarizə aparıblar.

Komandaları “Parni iz Baku” komandasının üzvləri İlqar Nəbiyev və Yana Nikitina, teleaparıcı Emin Musəvi, bəstəkar İsa Məlikov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Azərbaycan ŞHK Liqasının rəhbəri Rəşad Əzizovun iştirak etdiyi münsiflər heyəti qiymətləndirib.

İştirakçılar 4 konkurs – Salamlama, kapitanların yarışı, isinmə və video dublyaj üzrə qiymətləndiriliblər.

Böyük səhnədə debüt edən “ASAN Könüllüləri” klubu münsiflərin səsverməsi nəticəsində ən çox xal toplayaraq qələbə qazanıb.

Çempionatın kuboku Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev tərəfindən qalib komandaya təqdim olunub.

Qeyd edək ki, çempionatın keçirilməsində əsas məqsəd dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində maraqların təmin edilməsi, ölkə gənclərində sağlam yumor hissinin formalaşdırılması və əhalinin asudə vaxtının səmərəli təşkil edilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR