Tanınmış alimlər 47-ci Beynəlxalq Kimya Olimpiadasının iştirakçılarına öz təbriklərini çatdırıblar

Tanınmış alimlər 47-ci Beynəlxalq Kimya Olimpiadasının iştirakçılarına öz təbriklərini çatdırıblar
# 21 iyul 2015 11:14 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 47-ci Beynəlxalq Kimya Olimpiadasının açılış mərasimidə dünyanın tanınmış alimləri Olimpiada iştirakçılarına öz təbriklərini çatdırıblar.

APA-nın məlumatına görə, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi təbrik məktubunda rəhbərlik etdiyi ali təhsil ocağının Beynəlxalq Kimya Olimpiadasına üçüncü dəfə ev sahibliyi etdiyini qeyd edib: “Bu il Olimpiada ilk dəfə olaraq Azərbaycanın paytaxtı, gözəl Bakı şəhərində keçirilir. Bizim universitet yenə də bu tədbirdə yaxından iştirak edir, ona görə ki, tədbirin ev sahibi Moskva Dövlət Universitetinin Bakı filialıdır”.

1992-ci ilin kimya üzrə Nobel mükafatçısı Rudolf Artur Markus isə videomüraciətində Beynəlxalq Kimya Olimpiadasının müxtəlif mədəniyyətlərlə tanış olmaq və kimya haqqında daha çox bilik əldə etmək üçün gözəl bir fürsət olduğunu deyib: “Dəfələrlə olduğum Bakı, sözsüz ki, çox füsunkar, tarixi keçmişi və əhalisinin səmimiliyi ilə tanınan bir şəhərdir”.

Öz növbəsində kimya üzrə 1999-cu il Nobel mükafatı laureatı professor Əhməd Zevayl Olimpiadanın Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib: “Beynəlxalq Kimya Olimpiadası ən yaxşı gənc zəkalarla birlikdə kimyanın gözəlliyini və zənginliyini bayram etmək üçün nüfuzlu bir yarışmadır. Onlar dünyanın müxtəlif ölkələrindən həmyaşıdları ilə intellektual birliyə daxil olaraq gələcəyin elmi ictimaiyyətini formalaşdırırlar. Mən əminəm ki, siz Bakını özünüz üçün füsunkar bir şəhər kimi kəşf edəcək və Azərbaycan xalqının qonaqpərvərliyindən zövq alacaqsınız”.

Tanınmış azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə isə 47-ci Beynəlxalq Kimya Olimpiadasının Azərbaycanda keçirilməsinin prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin elm, texnologiya və mədəniyyət sahələrində əldə etdiyi inkişafın mühüm göstəricisi olduğunu bildirib.

Merilənd Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü və ABŞ Milli Elmlər Akademiyasının üzvü Roald Saqdeyev videomüraciətində qeyd edib ki, bəşəriyyətin gələcəyi gənc tədqiqatçıların kimya elminin insan həyatına, sənaye, ətraf mühitə təsiri məsələlərinə necə yanaşmasından asılı olacaq: “Bu Olimpiadanın Bakıda keçirilməsi heç də təəccüblü deyil, çünki Bakı elm və təhsilə böyük qayğı göstərən, çox sürətlə inkişaf edən şəhərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR