TANAP: Layihə çərçivəsində boru kəmərinin inşası sürətlə davam etdirilir

TANAP: Layihə çərçivəsində boru kəmərinin inşası sürətlə davam etdirilir
# 11 noyabr 2015 15:43 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Hazırda 3 lot halında inşa edilən Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) layihəsində hər lot üzrə kanal qazma işləri davam edir və borular da sürətlə yerləşdirilir.

TANAP-dan “APA-Economics”ə verilən məlumata görə, kəmərinin keçdiyi ərazidə torpaq sahələrinin layihə məqsədləri üçün istifadə işləri tamamlanıb və boru yerləşdirmə işinin 800 km-lik qismi isə hazırda podratçılara təslim edilib. 2015 ci ilin sonuna qədər hər lot üzrə 50 km olmaqla, 3 lot üzrə qaynaq işləri 150 kilometri keçəcək.

TANAP-ın baş icraçı direktoru Saltuk Düzyol bu boru kəmərinin əhəmiyyətindən danışıb: “TANAP iki dost və qardaş ölkə olan Türkiyə və Azərbaycanın gələcək nəsillərinə qoyacaqları böyük bir miras olacaq və bu məqsədə çatmaq üçün TANAP heyəti olaraq var gücümüzlə çalışırıq.”

TANAP layihəsinin Mühəndislik, Satınalma, İnşaat İdarəçiliyi və digər layihə fəaliyyətləri London, Bombey, Ankara, Qars, Ərzurum, Ərzincan, Sivas, Yozqat və digər sahələrdə davam edir. Boru xəttinə dair mühəndislik işləri tamamlanmaq üzrədir və TANAP-da stansiyaların (kompressor və ölçmə stansiyaları) mühəndislik işləri hazırda icra olunur.

“Tədarükçü və mühəndislik xidmətləri alınan şirkətlər arasında Çindən Baosteel Europe GmbH, İtaliyadan Sicim və Valvitalia, Amerikadan General Electric Oil & Gas və ABB, Belçikadan Solar Turbines və Almaniyadan ILF kimi beynəlxalq şirkətləri yer alır. Bundan başqa, tamamlanmış mühəndislik işləri və layihə idarəçiliyi İngiltərədən Warley Parsons, ilkin mühəndislik işləri isə Bechtel tərəfindən icra olunur. Beynəlxalq Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi hesabatının hazırlanması ilə İtaliyadan Golder Associates və İngiltərədən ERM şirkətləri məşğul olur. Bütün bu beynəlxalq tərəfdaşlar TANAP-a olan beynəlxalq etimadın ciddi bir göstəricisidir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, TANAP 19 kilometri Çanaqqala Boğaz keçidi olmaqla ümumilikdə 1850 kilometrlik bir xətt boyunca Türkiyəni şərqdən qərbə doğru qət edəcək. Ərdahandan başlayaraq Ədirnədə yekunlaşacaq TANAP Boru Xətti, 20 vilayət, 67 rayon və 600 kənddən keçəcək. Orta Şərq və Avropanın Ən Uzun və Ən Böyük Diametrli Təbii Qaz Boru xətti olan TANAP layihəsi üzrə işlər yekunlaşdıqda Türkiyə, Orta Şərq və Avropanın ən uzun (1850 km) və ən yüksək diametrli (56”) təbii qaz boru xətti olma xüsusiyyətini daşıyacaq. TANAP inşaat və istismar mərhələsində Türkiyədə beynəlxalq standartlara cavab verən ətraf mühit və sosial təsir, işçi sağlığı və iş təhlükəsizliyi metodlarının tətbiq edildiyi bir layihə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR