BMT nümayəndəsi İsraili qanunsuz məskənləri leqallaşdırmamağa çağırıb

BMT nümayəndəsi İsraili qanunsuz məskənləri leqallaşdırmamağa çağırıb
# 06 dekabr 2016 13:50 (UTC +04:00)

BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatoru Nikolay Mladenov İsrail parlamentini işğal altında olan Fələstin torpaqlarında qanunsuz inşa edilən minlərlə yəhudi məskənlərini qanuniləşdirməməyə çağırıb.

APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, xüsusi nümayəndə deyib ki, atılacaq addım gələcəkdə yəhudi dövləti üçün hüquqi fəsadlar yaradacaq və ərəb-İsrail sülhü perspektivlərinə zərər gətirəcək.


“Leqallaşdırmaya dair qanun”un əsas məqsədi fərdi şəxslərə aid Fələstin torpaqlarında qanunsuz məskunlaşmanı və forpostları müdafiə etməkdir. Bəziləri onu İordan çayın qərb sahilinin ilhaqı üçün atılan addım kimi qiymətləndirir”, - deyə N. Mladenovun bəyanatında bildirilir.

Qanun layihəsi adıçəkilən ərazidə özbaşına tikilən evlərin sökülməsi əvəzinə regionun siyasi statusu müəyyənləşdirilənədək onların uzunmüddətli icarəyə verilməsini nəzərdə tutur. Eyni zamanda, fələstinli torpaq sahiblərinə kompensasiya da ödəniləcək.

Hakim partiyanın təşəbbüsü ilə irəli sürünən qanun layihəsi ilkin oxunuşdan keçib və lehinə 60, əleyhinə 49 deputat səs verib. Layihə əlavə üç oxunuşdan və Konstitusiyaya uyğun olub-olmasına dair Ali Məhkəmədə yoxlanışdan keçməlidir.


Rəsmi Tel-Əvivin işğal altında olan İordan çayının qərb sahili və şərqi Qüdsdə apardığı məskunlaşma siyasəti fələstinlilərlə sülh əldə olunması üçün əsas əngəllərdən biri sayılır. Həmin ərazilərdə 600 minə yaxın yəhudi yaşayır. Beynəlxalq ictimaiyyət bu növ məskunlaşmanı qanunsuz hesab edir.

İsmayıl Fətəliyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR