ABŞ Konqresinin “Helsinki Kommissiyasının” rəhbər üzvü ADR-in yubileyi münasibətilə bəyanat verib

ABŞ Konqresinin “Helsinki Kommissiyasının” rəhbər üzvü ADR-in yubileyi münasibətilə bəyanat verib
# 23 may 2018 00:38 (UTC +04:00)

Mayın 22-də ABŞ Konqresinin üzvü, Konqresin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasında (Helsinki Komissiyası) demokratların rəhbəri Alcee Hastings (Demokrat – Florida) Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə ABŞ Konqresinin Nümayəndələr Palatasında bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, bəyanatda, 28 may 1918-ci il tarixində müstəqillik qazanmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasına təbrik ünvanlanır. İstiqlal Bəyannaməsi qəbul olunarkən Azərbaycan Demokratik Respublikası kimi tanınan bu dövlətin, müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası olduğu bəyanatda qeyd edilir.

Sonradan Azərbaycanda Sovet hökumətinin qurulmasına və Azərbaycanın Sovet Sosialist Respublikaları İttifaqına birləşdirilməsinə gətirib çıxaran Bolşevik işğalına məruz qaldığı diqqətə çatdırılır. Bəyanatda bildirilir ki, Sovet İttifaqı dağılarkən, Azərbaycan xalqı yenidən müstəqillik hərəkatına başlamış və 30 avqust 1991-ci ildə müstəqilliyini bərpa edib. ABŞ Azərbaycanın müstəqilliyini növbəti dəfə 25 dekabr 1991-ci il tarixində tanıyıb. Bəyanatda, ABŞ-ın həmin tarixdən etibarən Azərbaycan Respublikasının siyasi müstəqilliyini, suverenliyini və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyi xüsusi vurğulanır.

Azərbaycanın, xüsusilə 2001-ci il 11 sentyabr hadisələrindən sonra ehtiyac zamanlarında ABŞ-a dost olması ilə seçildiyi, ABŞ-a qarşı o hücumları həyata keçirən şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılması üçün hər hansı bir qeyd-şərt olmadan Azərbaycanın ABŞ-a yardım etdiyi diqqətə çatdırılır. ABŞ-ın yaxın dostu olan İsrail ilə də Azərbaycanın dost olduğu bəyanatda qeyd edilir. Azərbaycan və İsrailin bir neçə il əvvəl diplomatik münasibətlərin 25 illiyini qeyd etdikləri bildirilir. Bu münasibətlərə nümunə kimi, iki dövlət arasında geniş ticarət əlaqələrinin və regionda enerji təhlükəsizliyinin güclənməsinə öhdəliyin olması misal çəkilir.

Bəyanatın sonunda, Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyinin qeyd edilməsi münasibətilə Azərbaycan xalqına səmimi təbriklər çatdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR