Əmrullah İşlər: “Referendumdan “hə” çıxması Türkiyəni gücləndirəcək” - MÜSAHİBƏ

Əmrullah İşlər: “Referendumdan “hə” çıxması Türkiyəni gücləndirəcək” - <span style="color: red;">MÜSAHİBƏ
# 11 aprel 2017 09:15 (UTC +04:00)

Türkiyənin 61-ci hökumətində baş nazirin müavin olmuş Ədalət və İnkişaf Partiyasının Ankara millət vəkili Əmrullah İşlərin APA-ya müsahibəsi

- 16 apreldəki konstitusiya dəyişikliyi referendumuna bir neçə gün qaldı. Ümumi vəziyyəti necə dəyərləndirirsiniz?

- Türkiyə toplumu tarixi bir qərar vermək ərəfəsindədir. Konstitusiyamızın 18 maddəsində edəcəyimiz dəyişikliklərlə üsul-idarə formamızı daha radikal şəkildə təkmilləşdirəcəyik. Səhərdən gecə yarısına qədər xalqın arasındayam, referenduma təqdim etdiyimiz dəyişiklikləri topluma təfərrüatlarıyla izah etmişik. 16 apreldəki səsvermədən güclü “Hə” çıxacağına əminik. 15 illik iqtidarı dönəmində partiyamız Türkiyə üçün çox böyük işlər görsə də, biz bununla kifayətlənə bilməzdik. İdarəçilik sistemimizdəki bir sıra nöqsanlar Türkiyənin daha güclü olmasını və dünyanın lider ölkələriylə eyni sıraya yüksəlməsini əngəlləyirdi. 16 aprel referendumunu Türkiyənin gücünü daha da artırmaq üçün keçiririk: millətimizin verdiyi dəstəklə hökumətin funksiyaları tamamilə prezidentə verilir, yəni, baş nazir vəzifəsini prezident vəzifəsinə yüksəldirik. Bəzən bizi tənqid edirlər ki, Türkiyənin taleyini tək adama veririk. Onlar bizim həyata keçirdiyimiz islahatların mahiyyətini anlamırlar. Yeni sistemdə biz demokratiyanın əsas şərti olan hakimiyyət bölgüsü prinsipini daha da gücləndiririk. Mövcud sistemdə prezidentin toplum və məhkəmə qarşısında məsuliyyəti yox idi, yeni sistemdə biz xalqın seçəcəyi prezidenti xalqa qarşı hesabat verəcək duruma gətiririk. Bundan sonrakı sistemdə hər bir millət vəkilinin qanun təklifi vermək üçün səlahiyyəti olacaq ki, bu da Məclisimizin daha dinamik çalışmasına və millət vəkillərinin öz potensiallarından maksimum dərəcədə faydalı şəkildə istifadə etmələrinə səbəb olacaq. Yeni sistemdə prezident və məclis seçkiləri eyni gündə keçiriləcək. Seçilmiş prezident öz komandası ilə birlikdə ertəsi gün güclü şəkildə fəaliyyətə başlayaraq, 5 il planlarını həyata keçirəcək. Məclis isə həm ölkə üçün faydalı olan qanunları daha sürətlə qəbul edəcək, həm də prezidentin fəaliyyəti üzərində daha rasional şəkildə nəzarət gücünə malik olacaq. Artıq koalisiya dönəmləri də sona çatacaq və seçilmiş prezident və Məclis 5 il lüzumsuz mübahisələrdən uzaq şəkildə öz işlərini görəcəklər. Yeni sistemdə erkən seçki mümkün olmayacaqmı? Əlbəttə ki, olacaq. Toplum iqtidarın yanlış addımlarını görərsə, cəmiyyətdəki müxalif qüvvələr erkən seçki tələb etmə haqqına sahib olacaqlar. Türk milləti çalışqandır, təşəbbüskardır, ölkəsini sevir, ancaq mövcud üsul-idarə millətin önünü açmaq yerinə, daha da əngəlləyirdi. Biz sistemimizi millətə ən yaxşı şəkildə xidmət edən vəziyyətə gətirmək üçün 16 apreldə referendum keçirəcəyik. 16 apreldə səsvermə qutularından çıxacaq olan güclü “Hə” cavabı Türkiyəni dünyanın ən güclü ölkələrindən biri halına gətirəcək. İndi biz avtomobili hamar yola çıxarırıq, maşının o yolda daha rahat və sürətlə irəliləməsi üçün heç bir əngəl qalmaycaq.

"Türkiyənin çoxəsrlik dövlət təcrübəsi müsəlman ölkələrinin hamısı üçün örnəkdir, biz o təcrübələrimizi həmişə qardaş ölkələrlə məmnuniyyətlə paylaşdığımız kimi, bundan sonra da paylaşmağa hazırıq."

- Təbliğat dönəmində Avropanın bəzi ölkələri ilə problemlər yaşadınız, Avropanı “yox” cəbhəsində açıq şəkildə yer tutmaqda günahlandırdınız. Bunun səbəbi nə idi? 16 apreldə referendumdan “hə” çıxması durumunda Avropa İttifaqı ilə münasibətlərinizi hansı formada quracaqsınız, Aİ Türkiyə ilə münasibətlərinə yenidən baxacaqmı?

- Təbliğat dönəmində Avropadakı seçicilərimizlə görüşmək bizim ən fundamental haqqımızdır, bunu seçkilər olmayanda da edirik. Ancaq bu dəfə Avropanın bəzi ölkələri bizə qarşı açıq şəkildə mövqe nümayiş etdirdi. Hollandiyanın etdiyi rəzalətləri unutmaq mümkün deyil. Biz bunu, hər şeydən əvvəl, Avropanın yeni Türkiyəni qəbul etməməsi cəhdlərinə bağlayırıq. Hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğanın liderliyindəki Türkiyəni Avropa heç cür həzm edə bilmir. Onlar keçmişdə çox rahat şəkildə idarə edə bildikləri Türkiyənin həsrətini çəkirlər. Hörmətli Ərdoğan dünyada mövcud olan, bir neçə ölkənin mənafeyini müdafiə edərək, dünyanın böyük əksəriyyətinin problemlərinə qeydsiz qalan sistemə qarşı “Dünya beşdən böyükdür” şüarını gündəmə gətirən, hayqıran yeganə liderdir. O ölkələrin bizə qarşı olan kin-küdurətinin və Türkiyənin yüksəlişini əngəlləmə cəhdlərinin təməlində hörmətli prezidentimizin dünyadakı məzlum xalqların haqlarını müdafiə etmək üçün göstərdiyi təşəbbüslərə verilən gizli reaksiyaların durduğunu da bilirik. Hollandiyadakı rəzalətlə Avropa İttifaqı öz kriteriyalarını ayaqlar altına aldığını göstərmiş, “söz və ifadə azadlığı, insan haqları” prinsiplərinin quru sözlər olduğu ortaya çıxmışdır. Siyasi sistemi böhran içində olan Avropa İttifaqının 16 apreldə öz idarəçilik sistemində radikal dəyişiklik edəcək olan Türkiyənin yaxın gələcəkdəki növbəti yüksəlişini əngəlləməyə çalışmasını biz unutmuruq. İndiyə qədər saysız-hesabsız bəhanələrlə bizi öz sıralarına almayan Avropa İttifaqı ilə münasibətlərimizə referendumdan sonra yenidən baxacağımızı və münasibətlərin tamamilə ikitərəfli mənafelər zəminində qurulması üçün lazımi addımları atmamızın lazım olduğunu deyə bilərəm. Heç bir ittifaq və ya ölkə başqa ölkənin inkişafını əngəlləməyi düşünməməlidir, Türkiyənin inkişafını isə heç kim əngəlləyə bilməyəcək.

- 16 aprel referendumunda idarəçilik sistemini dəyişdirməyə hazırlaşan Türkiyə, müstəqilliklərindən bəri prezidentlik sistemi ilə idarə edilən digər türk cümhuriyyətləri ilə münasibətlərini daha da aktivləşdirəcəkmi?

- Türkiyə qardaş müsəlman ölkələriylə həmişə səmimi və isti münasibətlər yaratmağın tərəfdarı olub. Bu çərçivədə hörmətli prezidentimizin atdığı addımlar hamımızın gözünün qabağındadır. Təkrar edirəm: təşəbbüs etmək, işləmək sahəsində Türkiyənin heç bir problemi yoxdur. Türkiyənin də, digər müsəlman ölkələrinin də əsas problemi sistemlərini dinamik hala gətirmələridir, önəmli olan şey sistemlərin düzgün qurulmasıdır. Avropa ölkələrində də böhranlar, xaoslar yaşanır, ancaq onların sistemləri düzgün qurulduğuna görə, xaoslardan çox da yara almadan çıxa bilirlər. Türkiyənin çoxəsrlik dövlət təcrübəsi müsəlman ölkələrinin hamısı üçün örnəkdir, biz o təcrübələrimizi həmişə qardaş ölkələrlə məmnuniyyətlə paylaşdığımız kimi, bundan sonra da paylaşmağa hazırıq. 16 apreldəki referendumdan üsul-idarə sistemimizi radikal şəkildə təkmilləşdirmə qərarı çıxandan sonra Türkiyə islam ölkələri ilə münasibətlərini daha da dərinləşdirəcək. Hörmətli Rəcəb Tayyib Ərdoğanın güclü liderliyindəki Türkiyənin buna imkanları daha çox olacaq. İndiyə qədər əl-qolumuzu bağlayan üsul-idarədə dəyişiklik bunun əsas şərtidir. Mən referenduma təqdim edilmiş Konstitusiya dəyişikliyi maddələrini izah etmək üçün daima toplumun içindəyəm. 16 apreldə güclü “hə” çıxacağına əminəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR