Gürcüstan parlamentinin azərbaycanlı deputatlarının fəallığı qiymətləndirilib

Gürcüstan parlamentinin azərbaycanlı deputatlarının fəallığı qiymətləndirilib
# 25 iyul 2018 14:08 (UTC +04:00)

“Beynəlxalq Şəffaflıq-Gürcüstan” təşkilatı Gürcüstan parlamentinin fəaliyyətini qiymətləndirən hesabat təqdim edib.

APA-nın yerli bürosunun məlumatına görə, doqquzuncu çağırış parlamentinin 18 noyabr 2016-31 dekabr 2017 dövrünü əhatə edən ilk fəaliyyət ili üzrə hesabatda 4 azərbaycanlı deputatın fəallığı da qiymətləndirilib.

Hesabat dövründə deputatlar üzrlü səbəbdən 2119 dəfə parlament iclaslarına qatılmayıblar. Bu halların 1430-u ailə vəziyyəti ilə bağlı olub.

Parlamentin plenar iclaslarını üzrlü səbəblərə görə ən çox buraxan deputatlar arasında “Vahid Milli Hərəkat” Partiyasının üzvü Azər Süleymanov üçüncü olub. O, hesabat dövründə parlamentin plenar iclaslarında 56, komitə iclaslarında isə 51 dəfə iştirak etməyib. Deputat üzrlü səbəb olmadan bir dəfə komitə iclasını buraxıb.

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasından olan deputat Ruslan Hacıyev isə üzrlü səbəb olmadan parlamentin komitə iclaslarına 7 dəfə qatılmayıb.

Hesabat dövründə parlamentin 30 üzvü plenar iclaslarda çıxış etmək hüququndan istifadə etməyib. Onların arasında R. Hacıyev, hakim partiyanın digər deputatı Mahir Dərziyev və A. Süleymanov da var. Hakim partiyanın digər azərbaycanlı deputatı Savalan Mirzəyev isə hesabat dövründə 4 dəfə çıxış edib.

İşgüzar səfərdə S. Mirzəyev 1 dəfə, A. Süleymanov isə 2 dəfə olub.

Hesabat dövründə qanun layihəsi təşəbbüsü ilə çıxış etmiş yeganə azərbaycanlı deputat A. Süleymanov olub. O, iki qanun layihəsi üzrə təşəbbüs irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR