Binəqədi RİH-də məcburi köçkünlərlə bağlı müşavirə keçirilib

Binəqədi RİH-də məcburi köçkünlərlə bağlı müşavirə keçirilib
# 25 yanvar 2017 13:14 (UTC +04:00)

Bu gün Binəqədi Rayon İcra Hakimiyyətində (İH) prezident İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli fərmanının icrası ilə əlaqədar müşavirə keçirilib.

Rayon İH-dən APA-ya verilən məlumata görə, İH başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə keçirilən müşavirədə “Azərişıq” ASC-nin İnkişaf və İnvestisiya Departamentinin direktoru Toğrul Rəhimov, Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, rayon prokuroru Nazim İmanov, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə sektorunun müdiri Abuş Məmmədov və Binəqədi Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Azad Mustafayev iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbirin mahiyyəti barədə məlumat verib.

Sonra “Azərişıq” ASC-nin İnkişaf və İnvestisiya Departamentinin direktoru Toğrul Rəhimov çıxış edərək, fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar “Azərişıq” ASC tərəfindən görülən hazırlıq işləri və görüləsi işlər barədə ətraflı məlumat verib. Daha sonra Toğrul Rəhimov görüləcək işlərdə Rayon İcra Hakimiyyətinin, eləcə də müvafiq strukturların köməyinə ehtiyac olduğunu vurğulayaraq, məsələnin həllinə operativ yanaşdıqlarına görə rayonun rəhbər strukturlarına təşəkkürünü bildirib.

Müzakirələrdə Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə sektorunun müdiri Abuş Məmmədov iştirak edərək, öz təklif və fikirlərini bildirdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov müşavirəyə yekun vuraraq, fərmanının icrası ilə əlaqədar yerlərdə əhali arasında izahat və maarifləndirmə işləri aparmaq və görüləcək işlərin operativliyini təmin etmək məqsədilə İH başçısının sərəncamı ilə xüsusi işçi qrupunun yaradılması, İH başçısının müavinləri və şöbə müdirləri arasında ərazilər üzrə bölgü aparılması barədə, habelə müzakirə olunan digər məsələlərlə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR