FHN-in Akademiyasında Dövlət Bayrağı Günü və Konstitusiya Günü qeyd olunub

FHN-in Akademiyasında Dövlət Bayrağı Günü və Konstitusiya Günü qeyd olunub
# 08 noyabr 2017 09:56 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə tədbir keçirilib.

APA-nın xəbərinə görə, əvvəlcə Akademiyanın həyətində Heydər Əliyevin abidəsi ziyarət olunub. FHN-in Akademiyasının akt zalında keçirilən tədbir dövlət himninin oxunması ilə başlanıb. Tədbiri açıq elan edən Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov toplantı iştirakçılarını hər iki bayram münasibətilə təbrik edib.

Heydər Əliyevin “Azərbaycanın bayrağı, sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” fikirləri ilə çıxışına davam edən Akademiyanın rəisi bildirib ki, Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyev Azərbaycanın dövlət atributlarını həmişə uca tutur.

O, qeyd edib ki, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiya müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı təcrübəsinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb.

Toplantı iştirakçılarını təbrik edən Milli Məclisin üzvü, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, bayraq dövlətin rəmzlərindən biridir və hər bir ölkə, onun vətəndaşları üçün müqəddəsdir. İsa Həbibbəyli qeyd edib ki, ümumxalq referendumu əsasında 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası ölkədə hüquqi-demokratik dövlət quruculuğunun daim inkişaf etdirilməsinə tam təminat verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR