Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə gömrükçülərinin üçtərəfli görüşü keçirilir

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə gömrükçülərinin üçtərəfli görüşü keçirilir
# 19 iyul 2017 09:39 (UTC +04:00)

"Həm Azərbaycan, həm də qonşu və qardaş ölkələr qədim "İpək yolu"nun canlandırılması üçün mühüm işlər həyata keçirib".


"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərlərinin üçtərəfli yüksək səviyyəli görüşündə çıxışı zamanı Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, atılan addımlar nəticəsində adıçəkilən dəhlizin müxtəlif infrastrukturunun yaradılmasına və daşımaların həcminin artırılmasına nail olunub.

DGK sədri qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu daşımaları çərçivəsində gömrük əməkdaşlığının inkişaf perspektivlərinin müzakirə olunacağı bu görüş ilk dəfə olaraq bu cür səviyyədə təşkil olunub.

A. Əliyev bildirib ki, tərəflər gələcəkdə elektronlaşma məsələlərinin həlli ilə bağlı müəyyən qrupun yaradılmasını müzakirə edəcək: "Eyni zamanda "Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük məsələlərində üçtərəfli geniş əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair Birgə Bəyanat" qəbul ediləcək ki, bu da olduqca mühüm sənəddir. Bu sənəd adıçəkilən dəhlizin inkişafına mühüm töhfə verəcək".

Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkci isə bildirib ki, ölkələr arasında ticarətin asanlaşması və təhlükəsiz şəraitdə həyata keçirilməsi olduqca vacibdir: "Bu cür toplantılar ticarətin asanlaşması və həcminin artırılması baxımından mühümdür. Biz bilirik ki, gömrük keçid məntəqələrində bəzi işləri həyata keçirməklə ticarəti asanlaşdıra və təhlükəsiz vəziyyətə gətirə bilərik. Bu gün bununla bağlı müvafiq sənədlər imzalanacaq. Türkiyə, Gürcüstan və Azərbaycan arasında keçid dəhlizinin olması çox vacibdir. Bu dəhlizin olması ilə yanaşı yaxşı fəaliyyət göstərməsi də vacibdir. Bu, bir çox məqsədlərə xidmət edir ki, onların arasında Qafqazda sülhün olması, üçüncü ölkələrlə ticarətin asanlaşdırılması, Türkiyə, Gürcüstan və Azərbaycanda istehsal olunan məhsulların təhlükəsiz şəraitdə istehlakçılara çatdırılması var. Bununla bağlı bir çox problemləri artıq həll etmişik. İnanıram ki, bugünkü görüşdə digər problemləri də müzakirə edib, onların həllinə nail olacağıq".

Gürcüstan baş nazirinin birinci müavini, maliyyə naziri Dmitri Kumsişvili öz çıxışında bildirib ki, hər üç ölkənin iştirakı ilə mühüm layihələr icra olunur və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də bunlardan biridir: "Ölkələrimizin birgə həyata keçirdiyi layihələr strateji əhəmiyyətə malikdir və onlar hər bir ölkə üçün olduqca vacibdir. İnanıram ki, əməkdaşlığımız bundan sonra da inkişaf etdiriləcək".

Tədbir çərçivəsində müzakirələr davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR