Mübariz Qurbanlı Qətərin Azərbaycandakı səfiri ilə görüşüb

Mübariz Qurbanlı Qətərin Azərbaycandakı səfiri ilə görüşüb
# 16 yanvar 2017 14:35 (UTC +04:00)

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qətər Dövlətinin Bakıdakı səfiri Yusif bin Həsən əl-Saini qəbul edib. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ölkələr arasında mövcud olan ikitərəfli münasibətlər müzakirə olunub.

Komitə sədri Cənubi Qafqazın ən qədim məscid kompleksi olan Şamaxı Cümə məscidinin 743-cü ildə məhz ölkəmizdə inşa edildiyini diqqətə çatdırıb. O bildirib ki, Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidinin də Azərbaycanda inşa edilməsi dinə dövlət qayğısının bariz nümunəsidir. Azərbaycanda məscidlərlə yanaşı kilsə və sinaqoqların da inşa edildiyini vurğulayan Mübariz Qurbanlı ölkədə bütün dini konfessiya nümayəndələrinin əsrlərdir sülh və qardaşlıq şəraitində yaşadığını bildirib. Komitə sədri Azərbaycanda dini konfessiyaların qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirdiklərini və müsəlman dini icmalarla yanaşı, qeyri-islam dini icmalarına da dövlətimiz tərəfindən mütəmadi maliyyə yardımı göstərildiyini deyib.

İki ölkənin uğurla inkişaf edən münasibətlərinə toxunan Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanla Qətər üzvü olduqları İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində və ikitərəfli istiqamətdə yüksək səviyyədə əməkdaşlıq edirlər. Eyni zamanda, Komitə sədri Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin dünyada İslam həmrəyliyinin gücləndirilməsinə nail olacağına əminliyini vurğulayıb. O qeyd edib ki, “İslam Həmrəyliyi İli” münasibətilə bir sıra beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Səfir Azərbaycan xalqının milli-mənəvi, dini dəyərlərinə sadiq olduğunu, ölkəmizdə hökm sürən tolerant və multikultural mühitdən məmnunluğunu bildirib. Azərbaycan və Qətər arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən diplomat iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Qətər və Azərbaycanın dost ölkələr olduğunu və əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edən səfir münasibətlərin daha da dərinləşdiyini vurğulayıb. Diplomat Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini İslam ölkələri arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə olacağına əminliyini vurğulayıb, “İslam Həmrəyliyi İli” və IV İslam Oyunları çərçivəsində həyata keçiriləcək tədbirlərə Qətər Fondunun da daim dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR