Nazir müavini: “İndiyədək 42 aqroparkın yaradılmasına 1,2 milyard manat ayrılıb”

Nazir müavini: “İndiyədək 42 aqroparkın yaradılmasına 1,2 milyard manat ayrılıb”
# 06 dekabr 2017 08:25 (UTC +04:00)

“Azərbaycanda sənayeləşmənin inkişafı iqtisadiyyatın priorotetlərindəndir".

"APA-Economics" xəbər verir ki, bunu "Beynəlxalq maliyyə institutları ilə sənaye parkları və sənaye məhəllələri rezidentlərinin əməkdaşlıq imkanları" mövzusunda keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, Azərbaycanda 5 sənaye parkı, 4 sənaye məhəlləsi və 3 aqropark təşkil olunub. "Sumqayıt Kimya Sənaye Parkında bu gün 13 rezident qeydiyyata alınıb. Növbəti rezidentlərlə danışıqlar da davam etdirilir. Bu gün Sumqayıt Kimya Sənaye Parkına yatırılan investisiyaların həcmi 2,4 milyard dollardan çoxdur. Aqroparkların inkişafı da sənayeləşmə ilə bağlı prioritetdir. Bu günə qədər 28 rayonda 42 aqropark yaradılıb. Bu aqroparkların ümumi dəyəri 1,2 milyard manatdan çoxdur. 13 aqroparkın yaradılmasına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 98 milyon manatdan çox vəsait ayrılıb. İndiyədək ümumilikdə 350milyon manat dəyərində investisiya təşviqi sənədi verilib", - deyə N. Səfərov qeyd edib.

Onun sözlərinə görə, ölkədə uğurla həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində son illər yüzlərlə müasir texnologiyalara əsaslanan sənaye müəssisəsi, rəqabətqabiliyyətli və ixracyönümlü, innovativ sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb. N. Səfərov Azərbaycanda yaradılan sənaye parkları və məhəllələrinin sənayenin inkişafında rolundan, sahibkarlar üçün yaradılmış əlverişli imkanlardan danışıb, yeni sənaye zonalarının yaradılması istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. Bu baxımdan beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edən nazir müavini beynəlxalq maliyyə qurumlarını Azərbaycanda yaradılmış əlverişli investisiya mühitindən yararlanmağa dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR