Milli Məclis antidopinq haqqında qanun qəbul edəcək

Milli Məclis antidopinq haqqında qanun qəbul edəcək
# 14 oktyabr 2016 12:44 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bəzi dərmanlar gecə-gündüz reklam olunur. İnsanlar reklamın təsiri altına düşərək bu dərmanlardan mütəmadi istifadə edir”.

APA-nın məlumatına görə, bunu millət vəkili Gövhər Baxışəliyeva Milli Məclisin plenar iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

“İnsanlar reklam olunan dərmanlardan ağrıkəsici kimi istifadə edir. Halbuki, ağrıkəsicidən 1-2 dəfə istifadə etdikdən sonra mütləq həkimə müraciət etməlidir. Mütəmadi ağrıkəsici dərmanlardan istifadə isə ciddi xəstəliyin əlamətlərini vaxtında müəyyən etməyə imkan vermir. Nəticədə insanlar vaxtında həkimə müraciət etmir, dəyərli vaxtını itirir. Buna görə də bu və ya digər xəstəliyin müalicəsi ya çətinləşir, ya da ümumiyyətlə, mümkün olmur”, - deyə G.Baxışəliyeva vurğulayıb.

O, idmançıların qida əlavələrindən istifadəsinin də yolverilməz olduğunu sonradan bunun insan sağlamlığında ciddi problemlərə yol açdığını bildirib.

Spiker Oqtay Əsədov isə bildirib ki, dərman vasitələrinin reklamı reklam haqqında qanunun predmetidir və bu məsələyə gələcəkdə baxmaq olar: “Qida əlavələrinə gəlincə, siz yəqin ki, dopinqi nəzərdə tutursunuz. Milli Məclisdə antidopinq haqqında qanun hazırlanır və yaxın vaxtlarda müzakirəyə çıxarılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR