Komitə: Hərracların qeyri-obyektiv olması ilə bağlı fikirlər əsassızdır

Komitə: Hərracların qeyri-obyektiv olması ilə bağlı fikirlər əsassızdır
# 24 yanvar 2017 08:35 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bəzi KİV-də dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı keçirilən hərracların qeyri-obyektiv olması ilə bağlı fikirlərə münasibət bildirib.

Komitənin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov “APA-Economics”ə bildirib ki, özəlləşdirilmə ilə bağlı keçirilən hərracların qeyri-obyektiv olması fikirləri əsassızdır. Onun sözlərinə görə, ƏMDK tərəfindən özəlləşdirilmə ilə bağlı hər həftə açıq və şəffaf hərraclar keçirilir. Komitə rəsmisi hərraca çıxarılan dövlət obyektləri barədə dolğun məlumatın verilməməsi ilə bağlı fikirlərlə də razılaşmır: “İstənilən vətəndaş ƏMDK tərəfindən keçirilən hərraclarda iştirak edə və prosesi sonadək izləyə bilər. Hər həftənin ikinci günü dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclar keçirilir. Ekspertlər, KİV nümayəndələri, hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər, bir sözlə istənilən vətəndaş üçün hərraclar tam açıq və şəffaf keçirilir. Əmlak Məsələləri Dövlət Komitəsi hərrac keçirilməmişdən əvvəl geniş maarifləndirmə və təbliğat işləri aparır. Bildiyiniz kimi, "privatization.az" adlı özəlləşdirmə portalı istifadəyə verilib. Həm bizim informasiya resurslarımızda, yəni Komitənin saytında, “Mülkiyyət” qəzetində, eləcə də bu portalda da özəlləşdirilməyə çıxarılan müəssisələr haqqında geniş məlumatlar dərc olunur. Bir ay öncədən bu informasiya mənbələrində özəlləşdirilməyə çıxarılan obyektin adı, ünvanı, ilkin hərrac qiyməti, sahəsi və "privatization.az" portalında müəssisələrin şəkilləri, "Goggle Maps" servisində yerləşdiyi mövqe, eyni zamanda maliyyə və texniki göstəriciləri, işçilərinin sayı olmaqla tam geniş məlumatlar verilir. Əgər müəssisələrin işçiləri varsa, mütləq qaydada işçilər haqqında məlumatlar verilir. Bundan başqa, əmək kollektivlərinə güzəştli satışın miqdarı, səhmdar cəmiyyətlərin hərraca çıxarılan səhmlərinin miqdarı, bir səhmin nominal dəyəri, səhmlərin ümumi dəyəri barədə məlumatlar təqdim olunur".

Q. Xəlilov bildirib ki, hərraclara sifarişçi qismində qatılmaq da çox rahatdır. Komitə rəsmisi əlavə edib ki, istənilən vətəndaş hərraclarda iştirak etməklə əmlak sahibi ola bilər. “Hər bir vətəndaş dövlət əmlakının özəlləşdirilməsi prosesində iştirak edərək öz imkanları çərçivəsində əmlaka sahib ola bilər. Bunun üçün kifayət qədər sadə prosedurlar var. Hərraclara elektron qaydada da qatılmaq olar. İstər elektron qaydada, istərsə də banklar vasitəsilə sifarişçi statusu əldə etmək lazımdır. Yəni, hərracın keçirilmə tarixinə üç bank günü qalmış sifariş vermək lazımdır. Hərraca çıxarılan obyektin ilkin hərrac qiymətinin 10% behini elektron qaydada və yaxud banklara ödəmək kifayətdir ki, hərracda iştirakçı statusu əldə edilsin”.

Q. Xəlilov deyib ki, Bakı ilə yanaşı, ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən dövlət əmlakları hərraca çıxarılır: “Hərraclara səhmdar cəmiyyətlərin bir sıra səhmləri, kiçik dövlət müəssisələri, istifadəsiz qeyri-yaşayış sahələri, nəqliyyat vasitələri çıxarılır. Özəlləşdirilməyə çıxarılan obyektlər iqtisadiyyatın müxtəlif sahələrinə, xidmət, maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, nəqliyyat və rabitə sahəsi ilə bağlıdır. Müxtəlif ölçülərdə olan bu obyektlər müxtəlif qiymətlərlə təklif olunur. İstənilən sahibkar, hüquqi və fiziki şəxslər, vətəndaşlar öz imkanları çərçivəsində investisiya portfelinə uyğun olaraq əmlaka ala, gələcəkdə investisiya yatıraraq inkişaf etdirə, yeni iş yerləri aça bilər. Hərraca çıxarılan obyektlər kifayət qədər infrastrukturlarla təmin olunmuş, vaxtilə bazarı olan və indi də bazarları olan obyektlərdir. Özəlləşdirilməyə çıxarılan hərraclarda daha bir yenilik odur ki, bir sıra kiçik dövlət müəssisələri torpaqla bir yerdə hərraca çıxarılır. Torpaqlar bazar qiymətinə uyğun olaraq qiymətləndirilir və hərraca çıxarılır”.

O əlavə edib ki, özəlləşdirmə ilə bağlı hərraclar qanunvericiliyə uyğun şəkildə təşkil olunur. “Regionlarda keçirilən hərracları Bakıda canlı sürətdə izləmək mümkündür. Hərracların təşkili üzrə Auksion Mərkəzi bütün lazımi infrastrukturla təmin olunub. Mərkəzin regionlarda filialları var. Bu, özəlləşdirmədə iştirak etmək istəyən investorların əziyyət çəkmədən, yəni Bakıya gəlmədən hərracda iştirakını təmin etməyə imkan verir”.

Ötən ilin sentyabrından dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı açıq hərraclar keçirildiyini xatırladan qurum rəsmisi qeyd edib ki, indiyə qədər 17-yə yaxın hərrac keçirilib. Onun sözlərinə görə, bu hərraclarda kifayət qədər fiziki və hüquqi şəxslər iştirak edir: “Bəzi vaxtlarda bir obyektə bir neçə sifariş olduğundan hərraclar rəqabətli keçirilir və hərraca çıxarılan əmlakın qiyməti rəqabət nəticəsində bir neçə dəfə yüksək olunur. Bununla da dövlət büdcəsinə daxilolmalar artır. Bu proseslər əyani şəkildə sübut edir ki, hərraclara maraq kifayət qədər yüksəkdir”.

Komitə rəsmisi qeyd edib ki, hərracda qalib gələn şəxsə obyektin təhvil verilməsi prosesi də sadələşdirilib. “Müəssisənin yeni sahibinə təhvil verilməsi dərhal baş verir. Bu obyektlərə hüquqi təminat verilir. Başqa sözlə, özəlləşdirilməyə çıxarılan müəssisənin sahibinə çıxarış verilir. Bununla da investor həmin obyekti girov, alqı-satqı predmetinə çevirə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi olaraq biz istənilən vətəndaşı seyrçi, dinləyici kimi prosesdə iştiraka, eyni zamanda hərraclarda iştirak etməyə dəvət edirik. Hər bir şəxs sifariş verib hərraclara qatıla bilərlər”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR