“Ağdam” gəmi-bərəsi yenidən Transxəzər beynəlxalq nəqliyyat marşrutunda istismar ediləcək

“Ağdam” gəmi-bərəsi yenidən Transxəzər beynəlxalq nəqliyyat marşrutunda istismar ediləcək
# 24 yanvar 2017 16:34 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nəqliyyat donanmasına məxsus “Ağdam” gəmi-bərəsi yükdaşımalara tam hazırdır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2016-cı ilin dekabrından “Zığ” Gəmi Təmiri Zavodunda başlayan əsaslı təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.

Gəmi-bərənin baş və köməkçi mühərrikləri, su, yağ, yanacaq, ballast və sair sistemləri əsaslı təmir olunub. Braşpil, lövbər qurğuları və zəncirləri saz hala gətirilib, sükan qurğusu və digər mexanizmlərdə zəruri təmir işləri görülüb.

Eyni zamanda, “Ağdam”ın bütün sualtı və suüstü hissələri tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib.

Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev “Ağdam” gəmi-bərəsində olub. Sədrə təmirin necə həyata keçirildiyi barədə məlumat verilib. R. Vəliyev gəmi-bərənin ayrı-ayrı bölmələrinin təmirdən sonrakı vəziyyəti ilə tanış olub.

Dəniz sınaq yoxlamasından da uğurla çıxan “Ağdam” yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək, Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları və sərnişin daşıyacaq.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Hazırda Gəmiçiliyin donanmasında 13 gəmi-bərə, 2 Ro-Ro tipli gəmi var. Donanmada mövcud olan 13 gəmi-bərədən 7-si 28 vaqon, 6-sı isə 52-54 vaqon götürmə imkanına malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR