Səfir: “Almaniya Azərbaycanla münasibətlərin dərinləşməsində maraqlıdır”

Səfir: “Almaniya Azərbaycanla münasibətlərin dərinləşməsində maraqlıdır”
# 10 noyabr 2016 15:03 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov Almaniya Federativ Respublikasının yeni təyin olunmuş səfiri Mixael Kindsqrabı qəbul edib.

MM-dən APA-ya verilən məlumata görə, O. Əsədov bildirib ki, Azərbaycan Avropa Birliyinin ən nüfuzlu üzvlərindən olan Almaniya ilə əlaqələrin inkişafına böyük önəm verir. O qeyd edib ki, prezident İlham Əliyevin 2004-cü ildə bu ölkəyə səfəri zamanı keçirdiyi görüşlər və imzalanan sənədlər dövlətlərarası münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub: “Ölkələrimiz arasında imzalanmış 73 sənəd dostluq və tərəfdaşlıq münasibətlərinin dərinləşməsi üçün etibarlı hüquqi baza yaradıb. Təqdirəlayiq haldır ki, əlaqələrimiz iqtisadi, elm, təhsil, mədəni sahələrdə də inkişaf etməkdədir. Bu gün Azərbaycanda 170-ə yaxın Almaniya investisiyalı müəssisə fəaliyyət göstərir. Əminəm ki, ölkəmizdə olan əlverişli investisiya mühiti bu göstəricini gələcəkdə daha da artıracaq”.

O. Əsədov cari ildə ATƏT-ə sədrliyi həyata keçirən Almaniyaya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində göstərdiyi səylərə görə minnətdarlığını bildirib.

M. Kindsqrab yeni diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi üçün qüvvə və bacarığını əsirgəməyəcəyini söyləyib. O qeyd edib ki, Almaniya münasibətlərin dərinləşməsində maraqlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR