Mübariz Qurbanlı ABŞ nümayəndə heyəti ilə görüşüb

Mübariz Qurbanlı ABŞ nümayəndə heyəti ilə görüşüb
# 04 mart 2019 20:06 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı martın 4-də ölkəmizdə səfərdə olan ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Dövlət Komitəsindən ONA-ya verilən məlumata görə, M. Qurbanlı ölkəmizdə 32-si qeyri-islam təmayüllü olmaqla 908 dini qurumun dövlət qeydiyyatından keçdiyini nəzərə çatdırıb.

Dövlət Komitəsinin sədri formalaşmış dini tolerantlıq mühitinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər sayəsində respublikamızda 14 kilsə, 7 sinaqoqun fəaliyyət göstərdiyini qeyd edib.

Görüş zamanı Azərbaycan həqiqətləri barədə də danışan Mübariz Qurbanlı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş torpaqlarımızda dini-tarixi abidələrin məhv edildiyini, bir qisminin isə erməniləşdirildiyini diqqətə çatdırıb.

ABŞ-ın “Etnik Anlaşma Fondu”nun yaradıcısı və rəhbəri ravvin Mark Şnayer deyib ki, Azərbaycan nümunəvi dinlərarası dialoq, birgəyaşayış modeli sərgiləyir və bu təqdirəlayiq haldır. M. Şnayer bu fikirləri Prezident İlham Əliyevlə bugünkü görüşündə də söylədiyini qeyd edib.

Sonda qonaqlara DQİDK-nın nəşr etdirdiyi, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən, eləcə də işğal olunmuş ərazilərimizdə vandalizm hərəkətlərinə məruz qalan tarixi-dini abidələrdən bəhs edən kitablar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR