Azərbaycan və Rusiya gömrükçüləri kənd təsərrüfatı məhsullarının daşınmasında yaranan problemi müzakirə edib

Azərbaycan və Rusiya gömrükçüləri kənd təsərrüfatı məhsullarının daşınmasında yaranan problemi müzakirə edib
# 27 noyabr 2015 10:24 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən "APA-Economics"ə verilən xəbərə görə, məqsəd gömrük-keçid məntəqələrində meydana çıxan problemləri yerində həll etmək və keçid məntəqələrinin işinin səmərəliliyini artırmaq üçün müvafiq tədbirlər görmək və bununla əlaqədar məlumat mübadiləsini həyata keçirmək olub.

Görüşdə Rusiyanı Şimali Qafqaz Gömrük İdarəsinin Dağıstan Gömrük İdarəsi Yaraq-Qazmalar gömrük postunun rəisi Malaalli İsayev, Azərbaycanı isə Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin rəis müavini Zal Zalovun rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.

İki ölkənin gömrük xidmətləri arasında mövcud əməkdaşlığı müsbət qiymətləndirən görüş iştirakçıları ölkələrarası münasibətlərin qurulmasında, inkişaf etdirilməsində gömrük orqanlarının da böyük rol oynadığını vurğulayıb və Azərbaycan-Rusiya gömrük xidmətləri nümayəndələrinin işçi qrupunun növbəti görüşünün də qarşılıqlı əlaqələrin davamlı inkişafına xidmət etdiyini bildiriblər.

Görüşdə gömrük-keçid məntəqələrindən malların, nəqliyyat vasitələrinin keçidi zamanı yaranacaq problemlərin birlikdə aradan qaldırılması, qarşılıqlı məlumat mübadiləsinin davam etdirilməsi və daha da gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının daşınması zamanı vaxta qənaət etmək məqsədilə bütün zəruri tədbirlərin görülməsi, eləcə də birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub, tərəfləri maraqlandıran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan və Rusiya gömrük xidməti nümayəndələri müxtəlif keçid məntəqələri üzrə gömrük əməliyyatları, gömrük nəzarətinin təşkili, qarşılıqlı yardım və əməkdaşlıq məsələləri ilə yanaşı, iki ölkə arasında kənd təsərrüfatı sahəsində mal dövriyyəsinin artımı və son günlərdə Azərbaycandan Rusiyaya daşınan kənd təsərrüfatı məhsullarının təyinat məntəqələrinə çatdırılmasında yaranan problemlər və onların aradan qaldırılması yollarını müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR