Hacıbala Abutalıbov: “Bakıda poliuretanla üzlənmiş 64 bina 10 gün ərzində söküləcək“

Hacıbala Abutalıbov: “Bakıda poliuretanla üzlənmiş 64 bina 10 gün ərzində söküləcək“
# 21 may 2015 16:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bu gün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev yanğın baş verən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına baş çəkiblər.

APA-nın məlumatına görə, H. Abutalıbov bildirib ki, paytaxtda poliuretan üzlüklə üzlənmiş 140 bina var.

H. Abutalıbovun sözlərinə görə, bunlardan 64-ü 9 və 16 mərtəbəli binalardır. Bu binalara vurulmuş üzlüklərin 10 gün ərzində söküləcəyini deyən H. Abutalıbov qeyd edib ki, 2-3 aydan sonra paytaxt ərazisində poliuretan üzlüklə üzlənmiş bina qalmayacaq: “Bu materialın yanmasına səbəb həmin maddələrin hər kvadratmetrinə 6 manat məbləğində olan kimyəvi məhlulun vurulmamasıdır. Mən çalışacam ki, bu binaların üzlüklərinin sökülməsi həmin istehsalçı şirkətin hesabına həyata keçirilsin”.

H. Abutalıbov həmçinin sakinlərə Nazirlər Kabinetinin qərarını oxuyub. O bildirib ki, həmin binada kirayədə yaşayanlara kompensasiya verilməyəcək: “Dəymiş ziyanla bağlı bu binada kirayədə yaşayanlar Dövlət Sosial Müdafiə Fonduna müraciət edə bilərlər”.

H. Abutalıbov üzlük materiallarına nəzarət edən mühəndislərin də saxlandığını bildirib: “Saxlanılanların məsələsinə istintaqın gedişi zamanı aydınlıq gətiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR