Təhsil Nazirliyi: I Avropa Oyunlarına 18 minədək tələbə cəlb edilib

Təhsil Nazirliyi: I Avropa Oyunlarına 18 minədək tələbə cəlb edilib
# 11 iyun 2015 16:40 (UTC +04:00)

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2015-ci ilin martından fəaliyyətə başlamış “SABAH-ın könüllüsü” proqramı tələbələrin akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq və biliklərin praktikada tətbiqi, eləcə də idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir.

Ötən gün “SABAH-ın könüllüsü” proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin Bakı-2015 I Avropa Oyunlarına dəstəyini nümayiş etdirmək məqsədilə “SABAHFest” adlı festival keçirilib.

Təhsil Nazirliyi və “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunmuş “SABAHFest” adlı festival musiqili-interaktiv üslubda keçirilib. Tədbirdə tələbələr maraqlı viktorinalarda iştirak etməklə, Avropa Oyunlarının idman yarışlarına biletlər qazanıblar.

Qeyd edək ki, SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR