Xəzərin hüquqi statusuna dair işçi qrupunun növbəti iclası ya Aşqabadda, ya da Bakıda keçiriləcək - YENİLƏNİB

Xəzərin hüquqi statusuna dair işçi qrupunun növbəti iclası ya Aşqabadda, ya da Bakıda keçiriləcək - <span style="color: red;">YENİLƏNİB
# 27 dekabr 2016 10:41 (UTC +04:00)

"Xəzərin hüquqi statusu ilə bağlı çox məsələ razılaşdırılıb. Bunu faizlə demək çətindir. Əksər məsələlər həllini tapıb. Bir sıra çox vacib məsələ isə qalıb. Danışıqlar aparırıq. Planlaşdırırıq ki, Astanada keçirilməsi nəzərdə tutulan növbəti sammitə kimi bütün məsələlər razılaşdırılacaq".

APA-nın məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini bildirib ki, işçi qrupu bu məsələləri xarici işlər nazirlərinin görüşünə kimi tamamlamalıdır.

"Biz bu görüşə kimi bütün açıq məsələləri yekunlaşdırmağı düşünürük. Məqsəd sammitə kimi Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsini bitirib dövlət başçılarının imzalamasına təqdim etməkdir. Böyük iş görülüb. Bütün konseptual məsələlər üzrə ümumi anlaşma var. Bütün beş tərəfin yanaşmasında yaxınlıq var. Bir neçə detal qalıb. Bunlardan ən mühümü bölünmə prinsipləri ilə bağlıdır".

X. Xələfovun sözlərinə görə, işçi qrupunun iclası yanvarın üçüncü ongünlüyündə ya Aşqabadda, ya da Bakıda olacaq: "Hazırda bu məsələ ilə bağlı dəqiqləşmələr aparırıq".

Nazir müavini deyib ki, Xəzərlə bağlı həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə həll olunmalı məsələlər var: "Çoxtərəfli məsələlər əsasən konvensiya çərçivəsində aparılır. İkitərəfli məsələlər isə dənizin dibinin bölünməsinə aiddir. Bu, yanaşı və qarşı-qarşıya dayanan dövlətlər arasında həyata keçirilir. Azərbaycan Rusiya və Qazaxıstanla bu məsələləri çoxdan həll edib. Sazişlər qüvvədədir. Türkmənistan və İranla isə danışıqlar davam edir. Biz məsələyə hər hansı yataq və ya neft sahələri ilə bağlı məsələlərdə fikir ayrılığı kontekstindən deyil, əsasən bölgü məsələsinin tam həlli kontekstində yanaşırıq.

Xəzər dənizinin dibi sektorlara bölünür. Bu məsələ də Türkmənistan və İranla ayrı-ayrılıqda imzalanmalı müqavilələrlə təsbit olunmalıdır. Bölgü məsələsinin prinsipləri var. Bölgü xəttini müəyyənləşdirmək üçün razılaşdırılmış prinsiplər əsasında koordinatlar müəyyən olunmalıdır.

Hələlik açıq qalan məsələlər bölgü prinsiplərinin razılaşdırılmasıdır ki, bu prosesi həm Türkmənistan, həm də İranla aparırıq. Təbii ki, burada Xəzərə aid prinsiplər nəzərdən keçirilir. Müəyyən beynəlxalq standartlar, prinsiplər və metodikalar var. Bunların hamısı üzərində işləyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR