Bakı. Fərid Mirzəyev - APA. "I Avropa Oyunları bizə çox maraqlı, gərgin günlər yaşadır. Ölkəmizdə bayram əhval-ruhiyyəsi hökm sürür".
APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün "Bakı-2015" I Avropa Oyunlarının mədəniyyət günləri çərçivəsində keçirilən klassik bodibildinq və fitness yarışının açılış mərasimində deyib.
"Xalqımızın sevincinin həddi-hüdudu yoxdur. İdmançılarımızın qələbələri də bu bayrama əlavə bir rəng qatır. Xalqımız ölkə prezidenti İlham Əliyevin ətrafında sıx birləşib", - deyə A. Rəhimov qeyd edib.
Nazir bildirib ki, I Avropa Oyunlarına Olimpiya idman növləri ilə bərabər, qeyri-Olimpiya idman növlərinin daxil edilməsi müsbət göstəricidir: “Bildiyiniz kimi, I Avropa Oyunlarına 20 idman növü daxil edilib. Onlardan 4-ü qeyri-Olimpiya növlərinə aiddir. Bizim əsas məqsədimiz odur ki, ölkəmizdə bütün idman növləri inkişaf etsin, bizim gənc nəsil sağlam ruhda böyüsün".