Həsən Ruhani: “İranın nüvə hüquqları prinsipləri müzakirə mövzusu ola bilməz”

Həsən Ruhani: “İranın nüvə hüquqları prinsipləri müzakirə mövzusu ola bilməz”
# 03 oktyabr 2013 09:38 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran xalqının nüvə hüquqları müzakirə mövzusu ola bilməz”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani bildirib.

Onun sözlərinə görə, İranın nüvə məsələsi ilə bağlı yalnız bəzi təfərrüatlar müzakirə ediləcək: “İran xalqını nüvə texnologiyası və uranın zənginləşdirilməsi məsələsinin müzakirə mövzusu olmayacağına əmin edirəm”.

İran prezidenti deyib ki, qarşı tərəfin təkliflərinə diqqətin yetirilməlidir: “Rəsmi Tehran yalnız bundan sonra təkliflərini bildirəcək. İranın prinsiplərindən biri də öz nüvə obyektini Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarətinə verməkdir. Bizim gizli saxlanılacaq heç bir şeyimiz yoxdur. İranın nüvə fəaliyyətləri dinc məqsədli və şəffafdır, beynəlxalq qanunlar, o cümlədən Nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması Müqaviləsi (NPT) çərçivəsindədir”.

H.Ruhani vurğulayıb ki, ölkənin ali dini lideri, ayətullah Əli Xamneyi yalnız təqlid mərcəyi deyil: “Ayətullah Xamneyi İslam inqilabının ali rəhbəri olaraq buyurub ki, İran nüvə silahı istehsal etmək niyyətində deyil. Onun buyurduqları da İran İslam Respublikası quruluşunun etibarı kimi dünya üçün ən mühüm etimad vəsiləsidir”.

İran prezidenti Nyu-York səfərinə də toxunub: “Bu səfərdə dünyanın İranla bağlı şəraitini bir daha araşdırıb qiymətləndirdik. Hərçənd bir çox Avropa ölkələrinin dövlət başçıları ilə təkbətək görüşmək imkanım olmadı. Amma Avropanın mühüm ölkələrinin rəsmiləri, o cümlədən Fransa, İtaliya, İspaniya, Avstriya və Almaniya rəsmiləri ilə səmərəli görüşlərimiz oldu. ABŞ rəsmiləri də iki ölkə prezidentinin görüşməsini istəyirdilər. Nəhayət, İrana qayıdan zaman Barak Obama ilə telefon danışığına fürsət yarandı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR