Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndinə təbii qazın verilməsi mərasimi keçirilib

Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndinə təbii qazın verilməsi mərasimi keçirilib
# 11 mart 2013 11:49 (UTC +04:00)

Bolnisi. Nizami Məmmədzadə - APA. Bu gün Azərbaycan və Gürcüstan rəsmilərinin iştirakı ilə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndinə təbii qazın verilməsi mərasimi keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, mərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, «SOCAR Georgia»nın rəhbəri Mahir Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstanın təbii sərvətlər və energetika naziri Kaxa Kaladze, reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, eləcə də Gürcüstan parlamentinin gürcü və azərbaycanlı deputatları, digər rəsmi şəxslər iştirak edib.

Tədbirdə bildirilib ki, 8 min nəfər əhalisi olan Faxralı kəndindəki 1400 abunəçinin hamısı qazla təmin olunub. İlk qaz kənd sakini Həmid Kərimovun evində yandırılıb.

Gürcüstanın təbii sərvətlər və energetika naziri Kaxa Kaladze bildirib ki, ARDNŞ tərəfindən Gürcüstanda 150 min abunəçiyə qaz çəkilişi planı artıq başa çatıb. Bu gün Rövnəq Abdullayevin baş nazir Bidzina İvanişvili ilə görüşündə ARDNŞ-a Gürcüstan ərazisində daha 30 min abunəçiyə qaz çəkilməsi həvalə edilib.

Kənd sakinləri ilə görüşərək onların problemləri ilə maraqlanan ARDNŞ prezidenti Rövnəq Abdullayev Gürcüstanın baş naziri ilə görüşündə bu ölkədə yaşayan azərbaycanlıların sosial vəziyyətinin müzakirə olunduğunu da bildirib. Azərbaycanlıların sosial vəziyyətinin daha da yaxşılaşacağını deyən ARDNŞ rəhbəri qeyd edib ki, infrastruktur layihələri nəticəsində bundan sonra sakinlər kənd təsərrüfatını daha yaxşı inkişaf etdirə biləcəklər: “Azərbaycanla Gürcüstan arasında strateji birliyi heç bir qüvvə poza bilməz”.

Bundan başqa, Bolnisi və Marneuli rayonlarında körpülərin və təmin olunmuş kənd yollarının açılışı da olub. Marneuli rayonunda soyuducu anbarın təməlqoyma mərasimi keçiriləcək və Görarxı kəndində körpünün də açılışında iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR