Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Serbiya Olimpiya Komitəsinin sədri ilə görüşüb

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Serbiya Olimpiya Komitəsinin sədri ilə görüşüb
# 29 fevral 2012 18:39 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çərşənbə günü Serbiya Olimpiya Komitəsinin sədri, "Ana və Vlade Divats Fondu"nun təsisçisi Vlade Divatsın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Heydər Əliyev Fondunda qonaqları salamlayan birinci xanım Mehriban Əliyeva Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini deyib. Heydər Əliyev Fondunun prezidenti iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib, bu səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verdiyini bildirib.

Heydər Əliyev Fondunun prezidenti "Ana və Vlade Divats Fondu"nun Azərbaycan prezidenti İlham Əliyevə "Balkanların ləyaqətli dostu" beynəlxalq mükafatını təqdim etməsini xatırladıb.

Birinci xanım Mehriban Əliyeva vurğulayıb ki, Heydər Əliyev Fondu ilə "Ana və Vlade Divats Fondu"nun əməkdaşlığı qeyri-dövlət qurumları arasında əlaqələr baxımından vacibdir. "Ana və Vlade Divats Fondu"nun humanitar sahədə məcburi köçkünlərə, çətinliklərdən əziyyət çəkən insanlara kömək etdiyi barədə məlumatlı olduğunu deyən Mehriban xanım Əliyeva hər iki fondun eyni məqsədlərə xidmət etdiyini, eyni prioritetlərinin olduğunu vurğulayıb.

Əməkdaşlığın perspektivləri barədə danışan birinci xanım Mehriban Əliyeva qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən artıq Serbiyada layihələr həyata keçirilir. Bu ölkədə kilsə və məscid bərpa olunur. Gələcəkdə müxtəlif sahələrdə, o cümlədən idman, təhsil və digər istiqamətlərdə layihələrin reallaşdırılması nəzərdə tutulur.

Mehriban xanım Əliyeva Serbiya Olimpiya Komitəsinin sədri, "Ana və Vlade Divats Fondu"nun təsisçisi Vlade Divatsın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağına əminliyini bildirib.

Görüşə görə minnətdarlığını bildirən Vlade Divats deyib ki, ölkəmizə səfərinin əsas məqsədi Prezident İlham Əliyevə mükafatı təqdim etmək və Azərbaycan xalqı ilə daha yaxından tanış olmaqdır. Qonaq vurğulayıb ki, Prezident İlham Əliyevin fəaliyyəti xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verir.

Heydər Əliyev Fondunun fəaliyyəti ilə artıq tanış olduqlarını bildirən Vlade Divats qeyd edib ki, Fondun çoxşaxəli fəaliyyəti onları bu qurum ilə geniş əməkdaşlıq qurmağa sövq edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR