Cenevrədə Nizami Gəncəviyə həsr olunmuş simpozium keçirilib

Cenevrədə Nizami Gəncəviyə həsr olunmuş simpozium keçirilib
# 13 mart 2015 09:46 (UTC +04:00)

Bakı – APA. İsveçrənin Cenevrə şəhərində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, “Nizami Gəncəvi Etik Simpoziumu”nda dahi şairin irsini araşdıran tədqiqatçılar iştirak edib.

Oksford, Kembric, Kəşmir, Orizona, Leyden, Merilend və Amsterdam universitetlərinin alimləri Nizami Gəncəvinin dünya mədəniyyətinin inkişafında rolu, şairin yaradıcılığının fəlsəfi əsasları ilə bağlı müzakirələr aparıb. Çıxış edənlər Nizami Gəncəvi yaradıcılığını yüksək qiymətləndirib və dahi şairin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırıblar. Nizami Gəncəvinin Şərq intibahının formalaşmasında əvəzolunmaz yeri, xalqlar arasında mədəni körpü rolu oynaması xüsusi vurğulanıb.

Simpozium iştirakçıları Azərbaycan mədəniyyətinin parlaq nümayəndəsi olan Nizami Gəncəvinin təqdim olunması istiqamətində dahi şairin adını daşıyan Beynəlxalq Mərkəzin fəaliyyətini də yüksək qiymətləndiriblər.

Qeyd edək ki, “Nizami Gəncəvi Etik Simpoziumu” Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tərəfindən təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR