Dövlət Baytarlıq Nəzarəti Xidməti: Kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı bu ilin sonuna qədər aparılacaq

Dövlət Baytarlıq Nəzarəti Xidməti: Kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı bu ilin sonuna qədər aparılacaq
# 03 aprel 2015 15:27 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycanda kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı bu ilin sonuna qədər aparılacaq.

Bu barədə APA-ya məlumat verən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sektor müdiri Ramiz Salmanov deyib ki, bu işi aparacaq beynəlxalq şirkət tender yolu ilə seçiləcək: “Ötən ilin aprelin 6-da ölkə prezidentinin aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı fərmanda da bu məsələ öz əksini tapıb. Fərmanın 2.6 bəndində qeyd olunur ki, heyvandarlığın mövcud vəziyyəti barədə məlumat bazasının formalaşdırılması məqsədi ilə kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin üç il müddətinə mərhələli şəkildə yaradılması təmin edilsin. Artıq fərmana uyğun olaraq məsələnin həyata keçirilməsi ilə bağlı işlər aparılır. İşi aparacaq beynəlxalq şirkətin seçilməsi ərəfədədir. Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsi bu işlə yaxından məşğul olur. Ola bilsin Türkiyə və ya Pribaltika respublikalarından olan şirkətlər seçilsin. Çünki ingilis dilində problemlər olur, cənab nazir də prosesin gedişində tərcümə probleminin yaranmasını istəmir. Bu da işin gedişindən asılı olacaq. Bütün bunlar hamısı nəzərə alınacaq. Bu ilin sonuna qədər kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı pilot layihə olaraq respublikanın hər hansı bir rayonunda aparılacaq”.

R. Salmanov bu sistemin tətbiqi ilə kənd təsərrüfatı heyvanlarının oğurlanması hallarının qarşısının alınmasına təsir göstərəcəyini bildirib: “İnkişaf etmiş ölkələrdə bu məsələ artıq öz həllini tapıb. Burada əsas məqsəd heyvanların yer dəyişməsinə və onların xəstəliklərinə nəzarətin tam şəkildə həyata keçirilməsidir. Heyvanlara elektron “birka”lar vurulacaq. Həmin elektron “birka”larda heyvanın harada doğulması, kimə məxsus olması və sair məsələlər qeyd olunacaq. Həmin elektron “birka” atların boyunlarının arxasına, iri və xırda buynuzlu heyvanların isə qulaqlarına yerləşdiriləcək. Biz donuz, dəvə və digər heyvan növlərini də siyahıya salmışıq. Hələlik quşların “birka”lanması nəzərdə tutulmur. Məsələn, hər hansı bir rayonda doğulmuş heyvan başqa bir şəhərdə satılacaqsa, heyvanın qulağındakı elektron “birka” komputerə salınan zaman heyvanın haradan gətirilməsi məlum olacaq”.

Sektor müdiri Avropa İttifaqının Tvinninq layihəsi çərçivəsində beynəlxalq təcrübəsinin öyrənildiyini də qeyd edib: “Avropa İttifaqının Tvinninq layihəsinə 2011-ci ilin mart ayında başlanılmışdı. Beynəlxalq tenderi İspaniya və Polşa udmuşdu. İki il müddətində onların mütəxəssisləri burada çalışdılar. Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları müxtəlif vaxtlarda İspaniyada və Polşada oldular. Onların təcrübəsi öyrənildi. 23 aylıq Tvinninq layihəsinin nəticəsi olaraq böyük konsepsiya sənədi hazırlanıb bizə təqdim olunub. 2013-cü ildə konsepsiya bizim nazirliyə təqdim olunduqdan sonra həmin konsepsiyanı aidiyyəti orqanlara təqdim etmişik. Qeyd etdiyim kimi, işlər gedir və bu ilin sonuna qədər öz həllini tapacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR