“Azərbaycan multikulturalizmi” fənni dünya universitetlərində tədris olunur

“Azərbaycan multikulturalizmi” fənni dünya universitetlərində tədris olunur
# 12 mart 2015 12:41 (UTC +04:00)

Bakı - APA. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə yaratdığı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qısa zaman ərzində Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlərin icrasına başlanıb”.

Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib.

Qeyd olunub ki, öncə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə Giriş” və “Azərbaycan Multikulturalizmi” fənləri yaradıldı və hər iki fənn üzrə tədris proqramları hazırlanaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparılıb və ilkin mərhələdə ona yaxın universitet təklifi müsbət qarşılayıb: “Tədrisinə başlanacaq fənlər yeni olduğundan bu fənləri tələbələrə çatdıracaq müəllimlərin hazırlığını da öz üzərinə götürən Mərkəz ölkəmizin tanınmış alimləri və xaricdən dəvət etdiyi mütəxəssislərlə birgə müntəzəm treninqlərə başlanıb.

Treninq zamanı mütəxəssislər dinləyicilərə “Multikulturalizmə Giriş” və “Azərbaycan Multikulturalizmi” fənlərinin tədris proqramlarının əsasında mühazirələr oxuyur, onları lazımi dərs materialları ilə təmin edir və sonda imtahanda onların biliklərini yoxlayırlar. İmtahandan uğurla keçənlərə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən sertifikat verilir. Treninqlərdə “Multikulturalizmə Giriş” və “Azərbaycan Multikulturalizmi” fənlərini tədris edəcək müəllimlərin hazırlanması bu sahədəki hazırkı tələbatı müəyyən dərəcədə qarşılaya bilib. Məlumata görə, hazırda 7 xarici ölkə universitetində “Azərbaycan Multikulturalizmi” fənni tədris olunur. Bu universitetlər aşağıdakılardır: Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti; İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti; Ural Federal Universitetinin Yekaterinburq filialı (Yekaterinburq, Rusiya Federasiyası); Litva Pedaqoji Universiteti; Praqa Karlov Universiteti (Çexiya Respublikası); Roma Sapienza Universiteti (İtaliya) və Belarus Dövlət Universiteti.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə “Azərbaycan Multikulturalizmi” fənninin tədris olunması ilə bağlı rəsmi müraciətlərə əsasən növbəti tədris ilinin I semestrində dərslərə başlamaq üçün Vürsburq Universiteti (Almaniya Federativ Respublikası), Frayburq Universiteti (İsveçrə Konfederasiyası), Sakarya Universiteti (Türkiyə Cümhuriyyəti), Doğu Akdeniz Universiteti (Şimali Kipr Türk Respublikası), Lutsk Milli Texniki Universiteti (Ukrayna Respublikası) öz rəsmi müraciətlərini göndərib.

Hazırda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Vatikan Sileza Universiteti (İtaliya Respublikası), Auqsburq Universiteti (Almaniya Federativ Respublikası) və İNALCO Universiteti (Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutu, Fransa Respublikası) ilə bu istiqamətdə danışıqlar aparır.

Mərkəzdən qeyd ediblər ki, “Multikulturalizmə Giriş” və “Azərbaycan Multikulturalizmi” fənləri paralel olaraq ölkəmizdəki ali təhsil ocaqlarının bakalavr və magistr pillələrində də tədris edilməyə başlanılıb: “Dövlət müşaviri Kamal Abdullayev bu fənlərin ölkənin bir sıra ali təhsil ocaqlarında tədris olunmasının təşkilinə dair Azərbaycan Respublikasının Təhsil Nazirliyinə etdiyi müraciət qəbul olunmuş və “Multikulturalizmə Giriş”, “Azərbaycan Multikulturalizmi” fənləri Azərbaycan İqtisad Universitetində, Bakı Ali Neft Məktəbində, Bakı Slavyan Universitetində, Gəncə Dövlət Universitetində, Naxçıvan Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində və Azərbaycan Texniki Universitetində tədris olunmağa başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR