Azərbaycanın Berlindəki səfirliyində alman jurnalistlərlə görüş keçirilib

Azərbaycanın Berlindəki səfirliyində alman jurnalistlərlə görüş keçirilib
# 01 may 2015 10:24 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Almaniyadakı səfirliyində Berlin Alman Jurnalistlər Birliyinin üzvləri ilə görüş keçirilib.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 29-da baş tutan tədbirdə “Bakı 2015” I Avropa Oyunları haqqında film nümayiş etdirilib, ölkəmizin Avropa Oyunlarına hazırlaşması, Azərbaycanda ən müasir idman infrastrukturunun yaradılması, ölkəmizin iri miqyaslı beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, bu tip beynəlxalq tədbirlərin ölkəmizin inkişafının göstəricisi olması və onun beynəlxalq aləmdə tanınmasına verdiyi töhfələr barədə fikir mübadiləsi aparılıb, habelə jurnalistlərin ölkəmizə dair sualları cavablandırılıb.

Səfir Pərviz Şahbazov Azərbaycan-Almaniya münasibətlərinin tarixi və hazırkı vəziyyəti, siyasi, iqtisadi, sosial və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlıq və son zamanlar iki ölkə rəsmiləri tərəfindən həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlər barədə qonaqlara məlumat verib. Səfir Azərbaycan prezidenti İlham Əliyevin bu ilin əvvəlində Almaniyaya iki işgüzar səfərinin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsi haqqında danışan səfir Avropa mətbuatında bəzən Azərbaycanın guya sürətlə silahlanaraq sülh prosesinə təhlükə yaratdığı ilə bağlı yer alan iddiaları böyük yanlışlıq adlandırıb. P. Şahbazov qeyd edib ki, əslində Bonn Beynəlxalq Konversiya Mərkəzinin 2014-cü il hesabatında Ermənistan 152 dünya ölkəsi arasında 3-cü, Avropada isə 1-ci yerdə göstərilib: “Azərbaycan həm işğaldan əziyyət çəkən tərəf olmasına, həm də Ermənistandan bütün aspektlərdə üstün tərəf olmasına baxmayaraq, 20 ildən artıqdır ki, nəticəsiz sülh danışıqlarına sadiqdir. Sülh prosesi üçün təhlükəni Azərbaycanın işğal altında olan ərazilərini çoxsaylı beynəlxalq tələblərə baxmayaraq azad etməkdən boyun qaçıran Ermənistan yaradır”.

Azərbaycanın iqtisadi inkişafının həm də onun siyasi-sosial inkişafının əsasında dayandığını vurğulayan P. Şahbazov ölkəmizin son illərdə əldə etdiyi yüksək iqtisadi-sosial göstəriciləri, hökumətin uğurla reallaşdırdığı sosial və infrastruktur layihələri, idarəetmə sahəsində apardığı islahatları, qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün atılmış addımları, vətəndaşlara göstərilən sosial xidmətlərin müasirləşdirilməsi və şəffaflaşdırılması, ASAN xidmət mərkəzlərinin yaradılmasını alman jurnalistlərinin diqqətinə çatdırıb.

Daha sonra səfirliyin müşaviri Rizvan Nəbiyev Azərbaycanın xarici siyasətində enerji əməkdaşlığının yeri və rolu, Ermənistan təcavüzünün ölkəmiz və region üçün nəticələri, eləcə də ölkəmizin xarici siyasətinə təsir göstərən geosiyasi faktorlar barədə mühazirə ilə çıxış edib. R. Nəbiyev Azərbaycanın Avropanın enerji təchizatında indiyədək oynadığı rolu, Şahdəniz-2 layihəsinin töhfəsini, TAP və TANAP layihələrini, Azərbaycanın Avropa ilə enerji əməkdaşlığına maneələri vurğulayıb.

Berlin Alman Jurnalistlər Birliyinin sədr müavini Klemens Qlade Azərbaycan səfirliyinə Almaniya mətbuat nümayəndələrinin qəbul edilməsi üçün təşəkkür edib. Alman jurnalist səfirlikdə keçirilən bu görüşü mətbuat təmsilçilərini Azərbaycanla bağlı maraqlandıran məsələlərə aydınlıq gətirilməsi üçün yaxşı imkan adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR