Azərbaycanda çalışan əmək miqrantları sosial sığortaya cəlb olunur

Azərbaycanda çalışan əmək miqrantları sosial sığortaya cəlb olunur
# 24 yanvar 2014 15:35 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Əmək miqrantı kimi Azərbaycanda çalışan xarici vətəndaşlar da Azərbaycan vətəndaşları kimi sosial sığortaya cəlb olunurlar. Bu, “Sosial sığorta haqqında” qanunda əks olunub.

APA-Economics”in xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əmək miqrantı kimi Azərbaycanda çalışan xarici vətəndaşların hər birinə fərdi hesab açılır və ödədikləri sosial sığorta haqlarının bu hesabda uçotu reallaşdırılır: “Həmçinin həmin şəxslər Azərbaycanda daimi yaşayarlarsa, Azərbaycan vətəndaşları ilə bərabər əsaslarla pensiya təminatına malikdirlər. Müvafiq məsələ “Əmək pensiyaları haqqında” qanunda öz əksini tapıb”.

E.Mehdiyev həmin miqrantların öz ölkələrinə qayıtdıqları təqdirdə, bu məsələnin həllinin ikitərəfli sazişlərlə tənzimləndiyini deyib: “Müvafiq ölkələrlə sazişlər imzalayaraq, əmək miqrantları şəklində istər onların ölkələrində çalışan Azərbaycan vətəndaşlarının, istərsə də bizdə çalışan əcnəbilərin gələcək sosial hüquqlarının reallaşdırılması meyarlarını əks etdiririk. Hazırda Fond bir çox ölkələrlə bu məsələlərə dair danışıqlar aparır. Sonuncu belə imzalanma Belarus Respublikası ilə olub. Bir çox ölkələrlə bu proses davam edir”.

DSMF sədri qeyd edib ki, əmək miqrantlarının Azərbaycanda çalışması üçün xüsusi reqlament mövcuddur: “Onlara işləmək üçün Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən icazə verilməlidir. Bizim məlumat bazamızın Dövlət Miqrasiya Xidməti ilə əlaqələnməsi burada hər hansı yayınmanın qarşısını alır. Azərbaycanda işləmək icazəsi alan istənilən şəxsin dərhal bizim avtomatlaşmış fərdi uçot sistemində əks olunması və sosial sığorta kartı ilə təmin olunması, eləcə də fərdi hesabın açılması da reallaşdırılır. Hər dəfə sosial sığorta haqları ödəndikcə, bizim vətəndaşlarımızda olduğu kimi, əmək miqrantlarının da sosial sığorta ilə əhatə olunmasını təmin edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR