Azərbaycanda ali tibb təhsili və rezidentura təhsili haqqında dövlət sənədlərinin verilməsi qaydası təsdiqlənib

Azərbaycanda ali tibb təhsili və rezidentura təhsili haqqında dövlət sənədlərinin verilməsi qaydası təsdiqlənib
# 04 iyun 2014 13:10 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

APA-nın verdiyi məlumata görə, dəyişikliyə əsasən “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərara “Baza ali tibb təhsili və rezidentura təhsili haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əlavə edilib.

Qaydaya əsasən baza ali tibb təhsili və rezidentura təhsili haqqında 2 növ - baza ali tibb təhsili diplomu (adi və fərqlənmə) və rezidentura təhsili diplomu müəyyənləşdirilir. Baza ali tibb təhsili və rezidentura təhsili diplomları 15x21 sm ölçüdə kitabça şəklində çap olunur. Ali təhsil müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rənglidir. Diplomlar Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir. Baza ali tibb təhsili və rezidentura təhsili diplomlarının blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali tibb təhsili müəssisələrinə məzunların sayına görə Təhsil Nazirliyi tərəfindən verilir. Baza ali tibb təhsili diplomu blanklarının möhür üçün ayrılmış yerində ali tibb təhsili müəssisəsinin möhürü, rezidentura təhsili diplomunun möhür üçün ayrılmış yerində isə Səhiyyə Nazirliyinin möhürü vurulur. Diplom baza ali tibb təhsilini və ya rezidentura təhsilini bitirdikdən sonra 10 gün müddətində verilir. Ali tibb təhsili müəssisəsi ləğv olunduğu halda tibb təhsili diplomu və onun əlavəsi və ya onların dublikatları Milli Arxiv İdarəsinin arayışına əsasən, Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi tərəfindən verilə bilər. Ali tibb təhsili müəssisəsinin yenidən təşkili hallarında bu və ya digər səbəbdən diplomu almayan şəxslərə diplom və onun əlavəsi yenidən təşkil edilən ali tibb təhsili müəssisəsinin hüquqi varisi olan ali təhsil müəssisəsi tərəfindən verilir.

Diplomu və ona əlavəni itirən şəxs ərizə ilə ali tibb təhsili müəssisəsinin rəhbərinə müraciət etməlidir. Ərizəyə sənədin axtarışda olması barədə məlumat və “Azərbaycan müəllimi” qəzetində verilən elan əlavə olunur. Həmin ərizəyə əsasən 15 gün müddətində diplomun və onun əlavəsinin dublikatı verilir. İtirilmiş diplomun və ona əlavənin əvəzinə arayış verilməsi qadağandır. Diplomun və ona əlavənin və ya onların dublikatlarının hazırlanmasına və verilməsinə görə diplomalanlardan heç bir ödəniş tələb edilə bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR