BDU IV kurs tələbələrinin dövlət imtahanlarının ləğvi ilə bağlı tələblərinə münasibət açıqlayıb

BDU IV kurs tələbələrinin dövlət imtahanlarının ləğvi ilə bağlı tələblərinə münasibət açıqlayıb
# 14 may 2013 14:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı Dövlət Universiteti (BDU) IV kurs tələbələrinin dövlət imtahanlarının ləğvi ilə bağlı tələblərinə münasibət açıqlayıb.

BDU-nun tədris şöbəsinin müdiri İbad İbadov APA-ya açıqlamasında bildirib ki, dövlət imtahanlarının keçirilməsi bilavasitə tələbələrin özləri üçün lazımlı və gərəklidir. Onun sözlərinə görə, universitetdə yekun dövlət imtahanları 2008-ci ildən etibarən Ədliyyə və Təhsil nazirliklərinin müvafiq əsasnamələrinə uyğun olaraq keçirilir. BDU-nun Elmi Şurasının qərarına əsasən, tələblərin biliyinin yekun attestasiyasında dövlət imtahanı keçirilməsi və diplom işini yazılması nəzərdə tutulur: “Universitetdə hər bir proses tədris qrafikinə uyğun olaraq həyata keçirilir. Dövlət imtahanına hazırlıq isə noyabr-dekabr aylarından başlanır və bütün suallar tələbələrə paylanılır. Tələbələr həmin suallarla tanış olurlar. Hər kafedrada icmal mühazirələr təşkil olunur ki, orada tələbələr suallara cavab tapırlar. Yəni bunlar 1 ay ərzində həll olunan məsələlər deyil. Bəzən tələbə psixologiyasına əsasən, onlar daha asan vəziyyətə qaçırlar. Amma tələbə imtahanlar zamanı öz biliyini bir daha sınayır”.

Tələblərin təhsil nazirinə müraciət etməsinə də münasibət bildirən şöbə müdiri qeyd edib ki, bu onların öz hüquqlarıdır. Onun sözlərinə görə, universitetdə bütün proseslər qrafik əsasında həyata keçirilir: “Hər bir müəssisə də hazırladığı məhsulun xüsusiyyətinə özü nəzarət etməlidir. Əgər onun hazırladığı məhsul bazar iqtisadiyyatında öz yerini tuta bilmirsə, demək onun işləri uğurlu olmayıb. Bütün bunlar baxımından buraxılış imtahanları da tələbələrin bilik səviyyəsinə verilən yekun qiymətdir”.

İ.İbadov qeyd edib ki, hər il IV kurs tələbləri ilə rektorun, kafedra müdirləri və dekanların iştirakı ilə görüş keçirilir. Onun sözlərinə görə, sabah və birigün də rektorun IV kurs tələbləri ilə görüşü keçiriləcək.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələri Boloniya sisteminə qoşulmuş qabaqcıl ölkələrin universitetlərində müşahidə olunmayan, bizim ölkəmizdə də əksər universitetlərdə ləğv olunmuş dövlət imtahanlarının onların təhsil aldıqları universitetdə də ləğv olunması ilə bağlı təhsil naziri Mikayıl Cabbarova ərizə yazmaq niyyətindədirlər. Hazırda ərizənin forması üzərində iş gedir. Onlar dünya universitetlərinin praktikasında olmaması, ölkədəki bir sıra universitetlərdə olmamasını əsas gətirib. Tələbələr bunun daha çox yüklənməyə səbəb olduğunu, diplom işi yazan, semestr imtahanlarına, magistr imtahanlarının ikinci mərhələsinə hazırlaşan tələbələr üçün əlavə çətinlik törətdiyini, ümumi keyfiyyəti aşağı saldığını qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR