Azərbaycanın Vyetnamdakı səfiri bu ölkənin baş naziri ilə görüşüb

Azərbaycanın Vyetnamdakı səfiri bu ölkənin baş naziri ilə görüşüb
# 25 oktyabr 2013 15:23 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov bu ölkənin Baş Naziri Nguyen Tan Dung ilə görüşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşün əvvəlində baş nazir cari ildə Azərbaycanın Vyetnamda səfirliyinin təsis olunmasını ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirib və Vyetnam tərəfinin səfirliyin fəaliyyəti zamanı zəruri olan yardımı göstərəcəyini bildirib.

Səfir A.İmanov baş nazirə təşəkkürünü bildirib, səfirliyin təsis olunmasını Azərbaycanın Vyetnamla münasibətlərə önəm verməsinin göstəricisi olduğunu vurğulayıb. Qeyd edib ki, ölkələrimiz arasında dostluq əlaqələri böyük tarixə malikdir, ikitərəfli münasibətləri inkişaf etdirmək üçün geniş potensial mövcuddur.

Nguyen Tan Dung ölkəsinin ağır günlərində Azərbaycan xalqının dəstəyini vyetnamlıların heç zaman unutmadığını söyləyib, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib. Baş nazir ölkəsinin Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu və Vyetnam prezidenti Truong Tan Sangın Azərbaycan prezidenti İlham Əliyevi 2014-cü ildə Vyetnama dəvət etdiyini qeyd edib.

Daha sonra səfir A.İmanov son illər Azərbaycanın qazandığı nailiyyətlər, ölkəmizin iştirakı ilə keçirilən regional layihələr, ölkəmizdə gedən iqtisadi inkişaf haqqında məlumat verib. Səfir həmçinin Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin regionun inkişafına göstərdiyi mənfi təsirdən söhbət açıb. Nguyen Tan Dung ölkəmizin son illər qazandığı uğurlardan xəbərdar olduğunu bildirib, Azərbaycanın təcrübəsinin ölkəsi üçün böyük maraq doğurduğunu qeyd edib.

Görüşün sonunda səfir A.İmanov qarşılıqlı olaraq Vyetnamın Azərbaycanda səfirliyinin açılmasının iki ölkə arasındakı münasibətləri daha da inkişaf etdirmək baxımından vacibliyini vurğulayıb. Baş nazir Vyetnamın Azərbaycanda səfirliyinin açılması imkanlarının Xarici İşlər Nazirliyi tərəfindən araşdırıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR