Koreya səfiri: “Qarabağdan olan məcburi köçkünlərin həyat hekayələri məndə unudulmaz təəssürat oyadıb” - MÜSAHİBƏ

Koreya səfiri: “Qarabağdan olan məcburi köçkünlərin həyat hekayələri məndə unudulmaz təəssürat oyadıb” - <span style="color: red;">MÜSAHİBƏ
# 10 sentyabr 2014 11:43 (UTC +04:00)

- Cənab səfir, Azərbaycan və Koreya Respublikası arasındakı münasibətləri necə dəyərləndirirsiniz?

- Ötən 22 ildə ölkələrimiz arasındakı əməkdaşlığın nəzərə çarpan inkişafının şahidi olmuşuq. Koreya-Azərbaycan əlaqələri dövlət başçılarının 2006-cı və 2007-ci illərdə həyata keçirilmiş qarşılıqlı səfərləri ilə daha da möhkəmlənib. 2012-ci ildə Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək məqsədilə prezident İlham Əliyev yenidən Seula səfər edib.

Ölkələrimiz arasındakı iqtisadi tərəfdaşlıq ticarət dövriyyəsinin davamlı artımı ilə inkişaf edir. Koreya öz inkişaf təcrübəsini Azərbaycanla bölüşür, Koreya şirkətləri Azərbaycanda bizneslə məşğul olmağa böyük maraq göstərir. Bundan əlavə, mədəniyyət mübadiləsi də inkişaf edir.

Dostluq münasibətlərimiz hər il daha da möhkəmlənir. Hazırda əsas diqqətim mövcud əlaqələrimizin yeni mərhələyə yüksəlməsinə yönəlib. Buna nail olmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.

- Sizcə, Dağlıq Qarabağ probleminin həllinin uzanmasının səbəbi nə ilə bağlıdır?

- Dağlıq Qarabağ probleminin Azərbaycan xalqı üçün nə dərəcədə əhəmiyyətli olduğunu çox yaxşı bilirəm. Səmimi qəlbdən ümid edirəm ki, münaqişə tezliklə sülh yolu ilə həll olunacaq.

- Qaçqın və məcburi köçkünlərlə bağlı bir sıra layihələrin təşkilində iştirak etdiyinizi bilirik. Onların həyatını yaxından gördükdən sonra həmkarlarınızla nələri bölüşmək istərdiniz?

- Koreya və Azərbaycan xalqları arasında anlaşmanı möhkəmləndirmək məqsədilə bu il səfirliyimiz Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olan Koreya şirkətlərinin iştirakı ilə müxtəlif tədbirlər təşkil edəcək. Bu səylərin tərkib hissəsi olaraq, iyun ayının 1-də Uşaqların Beynəlxalq Müdafiəsi günündə səfirliyimiz Yevlaxda məskunlaşmış məcburi köçkün şagirdləri üçün "Uşaqlar sülh istəyir" mövzusunda inşa-yazı və rəsm müsabiqəsi təşkil edib. Tədbir hər iki mədəniyyətin təmsilçiləri üçün daha yaxşı anlaşma baxımından nadir imkan yaradıb, səfirlik əməkdaşları və Koreya şirkətlərinin əməkdaşları məcburi köçkün uşaqları ilə ünsiyyət qurublar, birgə nahar ediblər. Bu il biz bu məzmunda daha iki tədbir həyata keçirməyi nəzərdə tuturuq.

Yevlaxa səfərim zamanı görüşdüyüm məcburi köçkün ailəsi məndə unudulmaz təəssürat oyadıb. Həmin ailənin üzvlərinin həyat hekayələrini dinləməklə, onlarla vaxt keçirməklə, onların qarşılaşdıqları çətinlikləri gerçəkdən anlamaq imkanım olub. Eyni zamanda Azərbaycan hökumətinin məcburi köçkünlərə göstərdiyi qayğı məndə xoş təəssürat oyadıb.

- Ölkələrimiz arasındakı ticarət dövriyyəsi hansı səviyyədədir? Ümumiyyətlə, iqtisadi əlaqələrin daha da inkişafı üçün hansı addımlar atmaq olar?

- Ötən il iki ölkə arasında ticarətin həcmi 312 mln. ABŞ dollarına çatıb. İlin I rübündə Koreyanın əsas ixrac məhsullarını avtomobil (64.1%), elektrik avadanlıqları (11%), maşın avadanlığı, kompüter (6.5%) və plastik məmulatlar (5.8%) təşkil edib. Ötən 10 il ərzində iki ölkə arasında ticarətin həcmi 10 dəfə artıb. Buna baxmayaraq, ticarətin həcmi movcud potensialdan geri qalır. Hər iki ölkə ikitərəfli əməkdaşlıq əsasında bir-birini dəstəkləməyə davam edəcək.

- Azərbaycanda yaşayan Koreya vətəndaşları hansı sahələrdə çalışırlar?

- Azərbaycanda təxminən 230 koreyalı yaşayır. Onların əksəriyyəti iş adamları və onların ailə üzvləridir. Bəziləri universitetlərdə Koreya dilinin tədris ilə məşğuldur, digərləri isə Azərbaycanda təhsil alan koreyalı tələbələrdir. Müxtəlif Koreya şirkətləri Azərbaycanda qeyri-neft sahəsində çalışırlar. Koreyalıların biznes fəaliyyəti əsasən tikinti sahəsində inkişaf edir. Bu da ötən il "Samsung Engineering" və "Halla Construction" kimi böyük şirkətlərin Azərbaycanda biznesə başlamasından sonra daha çox nəzərə çarpıb. Hazırda "Samsung Engineering" şirkəti Sumqayıt şəhərində gübrə zavodunu, "Halla Engineering & Construction" şirkəti isə “Azərsu” ASC-nin yeni ofisinin binasını inşa edir. Eyni zamanda, Azərbaycanda İKT, su təchizatı və çirkab sularının təmizlənməsi, nəqliyyat, alternativ enerji kimi müxtəlif perspektivli sahələr koreyalı iş adamlarının maraq dairəsindədir.

- Cənubi Koreya İKT, maşınqayırma və eləcə də avtomobil sənayesi üzrə lider ölkələrdən sayılır. Ölkəniz əldə etdiyi nailiyyətləri Azərbaycanla bölüşüb birgə layihələrlə çıxış edə bilərmi?

- Koreyanın İKT və elektron hökumət sahələrində böyük nüfuzu var. 2014-cü ildə Koreya dünya üzrə “e-hökumət” reytinqində əsas icraçı kimi yüksək yer tutub. Bu baxımdan Koreya öz təcrübəsini və biliyini Azərbaycanla bölüşməyə hazırdır. Hazırda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) Azərbaycanın “e-hökumət” təhsil mərkəzinin, Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun, müəllimlərin peşəkarlığının yüksəldilməsi məqsədilə Azərbaycan Təhsil Nazirliyinin təhsil informasiya sisteminin yaradılması ilə bağlı layihələri həyata keçirir.

Bu ilin aprel ayında Bakıda iki ölkə arasında iki kredit sazişi imzalanıb. Koreya İxrac-İdxal Bankı Pirşağı ərazisində çirkab sularının təmizlənməsi qurğularının inşası üçün “Azərsu” ASC-yə 44 mln. dollar, Peşə Təlim Mərkəzinin təsis olunması üçün isə Azərbaycan Təhsil Nazirliyinə 23 mln. dollar ayırıb. Hər iki layihə Koreya Respublikasının İqtisadi İnkişaf Əməkdaşlıq Fondu tərəfindən maliyyəşdirilib.

- Yaxın vaxtlarda hansısa yüksək səviyyəli səfərlər, görüşlər gözlənilirmi?

– Mart ayında Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) prezidenti Bakıya səfər edib, Koreyanın inkişaf təcrübəsini Azərbaycanla bölüşməsi və qarşılıqlı əməkdaşlığın gələcəkdə davam etdirilməsi məsələlərini müzakirə edib. Azərbaycan tərəfindən Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirmək məqsədilə aprel ayında Koreyaya səfər edib.

Hazırda Koreya Respublikasının Müdafiə Təminatı Proqramı Administrasiyasının yüksək səviyyəli nümayəndə heyəti I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək məqsədilə Bakıda səfərdədir. Oktyabr ayında isə Koreyanın torpaq və infrastruktur nazirinin müavininin Bakıya səfəri gözlənilir.

Koreyanın Azərbaycanla yeni sahələrdə əməkdaşlığının davamlı inkişafı və genişlənməsini nəzərə alaraq, hər iki ölkədən nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin davam edəcəyini düşünürəm.

- Mədəniyyət, təhsil və idman sahəsində əməkdaşlıq hansı səviyyədədir?

- Mənə elə gəlir ki, xalqlar bir-biri ilə yaxşı anlaşarkən ölkələr arasındakı əlaqələr möhkəm və rəvan şəkildə inkişaf edir. Bu baxımdan mədəniyyət mübadiləsi qarşılıqlı münasibətləri inkişaf etdirməyin ən mühüm yollarından biridir. Bu səbəbdən Koreya səfirliyi xüsusi proqramlar həyata keçirir, tədbirlər təşkil edir, Koreya hökuməti isə Azərbaycandakı universitetlərə Koreya dili müəllimləri göndərir.

Demək olar ki, son 10 il ərzində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası ölkələrimiz arasında mədəniyyət mübadiləsinin inkişafında mühüm rol oynayıb. Səfirlik SEBA ilə sıx əməkdaşlıq edib. Belə ki, ötən il Beynəlxalq Muğam Mərkəzində və "Ümid yeri" uşaq evində Koreyanın "Xoşməramlı Xeyriyyə" musiqi qrupunun xeyriyyə konserti təşkil olunub. Bundan əlavə, 6 ildən artıqdır koreyalı arxeoloqlar Qəbələ şəhərində tarixi ərazilərin qazıntısı ilə məşğul olurlar.

Həmçinin səfirlik SEBA və Koreya Respublikasının Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən, fəaliyyəti Koreyanın təhsil və mədəniyyət əlaqələrinin xarici ölkələrlə inkişafına yönəlmiş Koreya Fondu arasında Anlaşma Memorandumunun imzalanmasının təşkili ilə məşğuldur. Bu cür saziş ikitərəfli mədəni əlaqələrin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

- Koreyada əcnəbi iş adamlarının, o cümlədən Azərbaycan biznesmenlərinin fəaliyyəti üçün imkanlar necədir?

- Koreya ilə sənaye tərəfdaşı qismində Azərbaycan iqtisadiyyatı gələcək əməkdaşlıq üçün böyük potensiala malikdir. Rəqabətə davamlı və yüksək keyfiyyətli ehtiyat hissələri, materiallar, maşın avadanlıqları və ləvazimatların etibarlı təminatı qeyri-neft sənayesi sahələrinin inkişafı üçün zəruridir. Koreyanın bu sənaye sahələri yalnız öz texnologiyalarına görə deyil, eyni zamanda qiymətlərinə görə də rəqabətə davamlıdır. İnanıram ki, Azərbaycanın inkişafında Koreya böyük sənaye tərəfdaşı ola bilər. Səfirlik Koreyaya maraq göstərən Azərbaycan şirkətlərinə və eyni zamanda Azərbaycanla maraqlanan Koreya şirkətlərinə köməklik göstərir.

- Azərbaycanın Koreyaya sərmayə yatırması imkanlarını necə dəyərləndirirsiniz?

- Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il Seuldakı möhtəşəm “Payn Avenyu A qülləsi” ofis kompleksini alıb, əlaqələrimiz daha da genişlənir. 1 trln. dollardan artıq olan ticarət dövriyyəsi, yüngül, ağır və yüksək texnologiyalar sənayesi sahələrində liderlik edən şirkətlərin sayəsində yaranmış özünəməxsus Koreya brendi ilə Koreya ABŞ, Avropa İttifaqı kimi ölkələrin daxil olduğu Azad Ticarət Sazişlərinə daxil olub. Azərbaycan daha böyük bazara daxil olmaq, innovasiya, texnologiyaya və bu kimi sahələrdə Koreyada müxtəlif investisiya imkanları tapa bilər. Eyni zamanda, Azərbaycanda parlaq gələcəyi olan turizm və kənd təsərrüfatı sahələrində qarşılıqlı əməkdaşlıq və investisiya üçün potensial var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR