Qənirə Paşayeva: “Yüz minlərlə insanın hüquqları bir ölkə tərəfindən pozulur, amma işğalçı ölkəyə qarşı heç bir addım atılmır”

Qənirə Paşayeva: “Yüz minlərlə insanın hüquqları bir ölkə tərəfindən pozulur, amma işğalçı ölkəyə qarşı heç bir addım atılmır”
# 25 iyun 2015 14:16 (UTC +04:00)

APA-nın xəbərinə görə, Q. Paşayeva çıxışında deyib ki, iyunun 16-da Avropa Məhkəməsinin Böyük Palatası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində məcburi köçkünə çevrilən və öz evlərinə dönə bilməyən bir qrup azərbaycanlı məcburi köçkünlərin işi üzrə, “Çıraqov və başqaları Ermənistana qarşı” adlı şikayət ərizəsi üzrə qərar qəbul edib:

“20 ildən artıqdır ki, BMT təhlükəsizlik Şurası və 12 il əvvəl burada, bu assambleyada qəbul olunan 1416 saylı qətnamənin Ermənistan tərəfindən yerinə yetirilməməsi nəticəsində öz evinə dönə bilməyən, öz evində yaşaya bilməyən məcburi köçkünlər Avropa Məhkəməsinə üz tutmaq məcburiyyətində qalmışdılar. Avropa Məhkəməsinin çıxardığı qərar çox önəmlidir və onlar yerinə yetirilməlidir. O qərarda Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması və azərbaycanlı məcburi köçkünlərin tapdalanan insan haqları birmənalı şəkildə vurğulanır. Assambleyamız Ermənistana AŞPA-nın 1416 saylı qətnaməsinin və Avropa məhkəməsinin qərarlarını yerinə yetirilməsi istiqamətində təsir mexanizmlərinə əl atmalıdır. Biz iki gün əvvəl assambleyada Azərbaycanda demokratik institutların vəziyyətinə dair qətnamə layihəsini müzakirə edən zaman bəzi həmkarlarımızın təşəbbüsü və dəstəyi ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması ilə bağlı maddənin sənəddən çıxarılmasına böyük təəssüflə qarşılayırıq və etiraz edirik. Çünki bu addım beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurası, Avropa Məhkəməsi, o cümlədən AŞPA-nın 1416 saylı qətnaməsinə ziddir. 1416 saylı qətnamənin qəbulundan 12 il vaxt keçir, amma bu günə qədər Ermənistan onu yerinə yetirməkdən imtina edərək işğalda saxladığı Azərbaycan torpaqlarını azad etmir. Bunun nəticəsində 1 milyon insan bu gün də qaçqın və məcburi köçkün həyatı yaşamaqda davam edir və öz evinə dönə bilmir. 20 ildən artıqdır ki, təşkilatın bir üzvü Ermənistan qurumun prinsiplərini pozmaqda davam edərək təşkilatın digər üzvü Azərbaycanın ərazilərini işğal altında saxlamaqda davam edir. Yüz minlərlə insanın haqları təşkilatımızın üzvü olan bir ölkə tərəfindən pozulur, amma ana fəlsəfəsi insan haqları olan təşkilatımız bununla bağlı işğalçı ölkəyə qarşı heç bir addım atmır. Sizcə bu ikili standart deyilmi? Hər sessiyada Rusiya ilə bağlı müzakirələr var. Nədən təşkilatın üzvü olan Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistanla bağlı müzakirələr aparılmır? Ona görə də biz sizi bu mövzuya diqqət ayırmağa, bununla bağlı da müzakirələrin aparılmasına çağırırıq”.

Q. Paşayeva ötən sessiyada Ermənistanın girov saxladığı azərbaycanlı məcburi köçkünlər Şahbaz Quliyev və Dilqəm Əsgərovun məsələsini qaldırdıqlarını xatırladıb: “Bu günə qədər bütün beynəlxalq çağırışlara, o cümlədən Avropa Şurasını tərəfindən edilən çağırışlara baxmayaraq, ötən sessiyadan keçən dövr ərzində heç bir dəyişiklik baş verməyib və o insanlar hələ də girov saxlanılırlar. Onların ailələri Parlament Assambleyasından dəstək gözləyirlər. Onların azadlığa çıxması üçün təşkilatımızı səylərini daha da artırmağa və bu məsələnin də sənəddə öz əksini tapmasına çağırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR