İran “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi çərçivəsində işlərin 70%-ni yekunlaşdırıb

İran “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi çərçivəsində işlərin 70%-ni yekunlaşdırıb
# 01 noyabr 2012 09:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “İran “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi çərçivəsində Qəzvin-Rəşt-Astara dəmiryolunun tikintisi üzrə işlərin 70%-ni yekunlaşdırıb”. Bunu APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

O bildirib ki, layihənin əhəmiyyətini dərk edən İran prosesin sürətlə aparılmasına çalışır: “Artıq dəmiryol xəttinin Qəzvindən Rəştə qədər olan hissəsində tikinti işləri yekunlaşıb. Rəştdən Ənzəliyə qədər olan hissə də işlər bitmək üzrədir. Ümid edirik ki, yaxın bir il ərzində layihənin qalan 30%-i tamamlanacaq”.

Səfir layihənin Azərbaycan ərazisinə düşən hissəsində də işlərin tez bir zamanda yekunlaşacağına ümid etdiyini söyləyib.

Qeyd edək ki, Rusiya və İran tərəfindən birlikdə həyata keçirilməsi nəzərdə tutulan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin əsas məqsədi Finlandiya sərhədindən və Sankt-Peterburqdan başlayaraq Volqa-Baltik kanalından və Volqa çayından keçməklə Xəzər dənizinə və ya Xəzərətrafı ərazilərə, oradan isə İrana və Hindistana qədər olan ərazini vahid nəqliyyat sistemində birləşdirməkdən ibarətdir. Bundan başqa, bu magistral marşrutdan Pribaltika respublikalarına, Ukrayna və Belarusa, Şərqi və Qərbi Avropaya doğru əlavə qolların ayrılması nəzərdə tutulur. 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində Rusiya, İran, Hindistan və Oman Sultanlığının hökumətləri arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi haqqında hökumətlərarası razılaşma imzalanıb. İndiyədək Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Oman və Suriya da beynəlxalq nəqliyyat dəhlizi haqqında hökumətlərarası razılaşmaya qoşulub. Layihənin dəyəri 400 mln. dollara bərabərdir.

Layihə çərçivəsində Azərbaycanın cənub-şərqində həyata keçirilən işlərin dəyəri 35-40 mln. dollar həcmində qiymətləndirilir. Bu vəsait İran sərhədi istiqamətində 9 km uzunluğunda dəmiryol xəttinin tikintisi üçün nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR